Bakı. Trend:
Prezident İlham Əliyevin hər dəfə işğaldan azad edilən torpaqlara səfəri böyük qayıdış üçün görülən işləri cəmiyyətə göstərir. Prezidentin sonuncu belə səfəri iyunun 26-da Göygölə, ordan Kəlbəcər və Laçın rayonlarına gəlişi idi. Budəfəki səfərin məhz Silahlı Qüvvələr Günündə baş tutması xüsusi əhəmiyyət kəsb edir. Güclü dövlətin müzəffər Ali Baş Komandanı 104 yaşlı Azərbaycan ordusunun yaranma gününü həmin güclü ordunun azad etdiyi torpaqlarda qeyd etdi. Bu siyasi sferada diqqət cəlb etməklə yanaşı Azərbaycan vətəndaşlarının qürurla izlədiyi ictimai hadisədir. Ümumiyyətlə qələbədən sonra Prezidentin böyük qayıdışla bağlı bütün fəaliyyəti cəmiyyətin böyük diqqətinə səbəb olur.
Prezidentin səfərinin proqramını şərti olaraq üç istiqamət üzrə dəyərləndirə bilərik – açılış tədbirləri, təməlqoyma mərasimləri və icrası davam edən işlərlə tanışlıq.
“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışının hər biri əlamətdar hadisədir. Prezident hərbi hissənin açılışında çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Ali Baş Komandan Azərbaycan ordusunun yarandığı gündə, işğaldan azad edilmiş torpaqlarda düşmənə bir daha aydın şəkildə mesaj verərək qeyd etdi ki, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın.
Prezidentin Kəlbəcər şəhərinin Baş planı, Toğanalı-Kəlbəcər avtomobil yolunda inşa edilən tunellərin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Laçında “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, “Həkəriçay” su anbarı layihəsi, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olması görülən işlərin həcminin nə qədər böyük olduğunu göstərdi. Ölkəmizin öz iqtisadi gücü hesabına gördüyü işlər həyata keçirilən hərtərəfli, düzgün siyasətin nəticəsində baş tutur. Azərbaycan xalqı bu məlumatları bilməklə dövlətin gördüyü işləri öyrənir və qürur duyur.
İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməlinin qoyulması da həmçinin xüsusi əhəmiyyət kəsb edən işlər sırasındadır.
Azərbaycan xalqı öz Prezidentinə güvənir. Görülən işlər və əldə olunan uğurlar bu inamın əbəs yerə olmadığını bəyan edir.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov