Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, hərbi hissələrdə ictimai-siyasi hazırlıq
dərsləri, dəyirmi masalar, konfranslar keçirilib, muzeylərə
ekskursiyalar təşkil olunub, həmçinin Ulu Öndər Heydər Əliyevin
şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş
etdirilib.
Şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi
tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və
respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan
Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışıb və dünya miqyaslı dövlət xadiminin atdığı addımları minnətdarlıq hissi ilə xatırlayıblar. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyması, ordu quruculuğunun qanuni əsaslarla həyata keçirilməsi bir daha diqqətə çatdırılıb. Bildirilib ki, onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilib.