Bakı. Trend:
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını işğaldan azad etdi və bununla da bütün Cənubi Qafqaz regionunun firavan və təhlükəsiz gələcəyinə yol açdı.
Bu barədə Trend-ə ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
"Prezident İlham Əliyev dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün durmadan çalışan dünyanın ən hörmətli liderlərindən biridir. Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra Prezident İlham Əliyevin çağırdığı və çağırmaqda davam etdiyi regionda sülhün və firavanlığın bərqərar olması şansı yarandı. Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı layihələrin həyata keçirilməsi bu regionun çiçəklənməsinə gətirib çıxaracaq və qonşu dövlətlərə də fayda verəcək", - deyə o bildirib.
Onun sözlərinə görə, bir növ qlobal kəndə çevrilmiş, hər bir
hissəsi ayrı-ayrılıqda yaşaya bilməyən dünyada yalnız müdrik
rəhbərlik konstruktiv ideyalar və təşəbbüslər gətirə bilər ki, bunu
da Prezident İlham Əliyev edir.
ISESCO-nun keçmiş baş direktoru qeyd edib ki, Azərbaycan böyük
potensiala və təbii ehtiyatlara, o cümlədən neft və qaza malik
sabit və etibarlı ölkədir. "Bu gün Avropa Azərbaycandan neft və
qazın fasiləsiz təchizatına arxalana bilər. Münaqişələr və fikir
ayrılıqları ilə dolu dünyada Azərbaycan, o cümlədən Avropanı enerji
resursları ilə təmin etmək baxımından, rasional siyasət aparır.
Azərbaycanın bu siyasəti ölkədə səmərəli və müdrik rəhbərliyin
mövcudluğundan xəbər verir", - deyə əl-Tüveycri bildirib.
O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müasir dünyada nadir
hallarda rast gəlinən Prezident İlham Əliyevin daimi böyük dəstəyi
sayəsində yüksək nüfuz və uğurlar qazandığını da diqqətə
çatdırıb.
"Mən bunun şahidi olan Mərkəzin çoxsaylı üzvlərindən biriyəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın dünyada müsbət imicini əks etdirən, mədəniyyətimizin humanist, sülhsevər və bütün mədəniyyətlərə və dinlərə açıq olduğunu göstərən, dünyada bütün insanlar arasında dialoq və yaxınlaşmanı təşviq edən “yumşaq güc”dür", - deyə o əlavə edib.