...

Bütün soydaşlarımızın hüquqlarının bərpasına müvəffəq olacağıq - Şahin İsmayılov

Siyasət Materials 27 Dekabr 2022 21:37 (UTC +04:00)
Bütün soydaşlarımızın hüquqlarının bərpasına müvəffəq olacağıq - Şahin İsmayılov

Bakı. Trend:

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında tədbirə qatılması və bir qrup ziyalı ilə görüşməsi önəmli hadisədir. Əvvəla onu deyək ki, bu tədbirin məhz cənab Prezidentin ad günündə baş tutması ölkə rəhbəri üçün xüsusi önəm daşıdığına işarə verir. O, ad gününü xüsusi olaraq qeyd etməsə də hər ilin bu günü ölkə üçün xüsusi məna kəsb edən işlərlə yaddaşlarda qalır. Bu xüsusda sözügedən tədbir olduqca əhəmiyyətlidir.

Artıq bütün dünya bilir ki, Azərbaycan Prezidentinin sözü imzası qədər keçərlidir və o, öz dediyini edən liderdir. Bu baxımdan Qərbi Azərbaycanla bağlı cənab Prezidentin səsləndirdiyi fikirlər müəyyən dairələr üçün ciddi mesajdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkə başçısı tərəfindən irəli sürülən bu fikirlər haqqlı istəyimizdir. Müstəqilliyin bərpasından sonra bizə qarşı edilən haqsızlıqlara əksər ölkələr və beynəlxalq təşkilatlar göz yumurdu. Biz gücləndik və öz haqqlı mövqeyimizi hərb yolu ilə müdafiə etdik. Güclənən Azərbaycan artıq tarixin boşluqlarında xalqımıza qarşı edilən haqsızlıqlara cavab vermək iqtidarındadır. Cənab Prezident tədbirdə İcma qarşısında bir sıra tapşrıqlar qoydu. Bu tapşrıqlar diaspor, media və cəmiyyət üçün yeni hədəf olmaqla görüləcək işlərin miqyasının böyüməsini şərtləndirir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlması olduqca vacib məsələdir. Ötən əsrdə xalqımızın çəkdiyi əzablar barədə hüquqi müstəvidə işlərin görülməsi də bu tapşırıqların əhatəsindədir. İyirminci əsrdə Azərbaycanlıların tarixi torpaqlarından çıxarılması ilə bağlı Ulu Öndər Heydər Əliyev mötəbər tribunalarda çıxışlar etmişdir. Prezident İlham Əliyev də bu istiqamətə xüsusi önəm vermişdir.

Prezident İlham Əliyevin ciddi tapşırıqlarından biri də Qayıdış Konsepsiyasının hazırlanmasıdır. Bütün beynəlxalq konvensiyaların tələblərini və sülhsevərliyi əsas tutaraq hüququmuzu tələb etmək əsas missiyamız olacaq. Ali Baş Komandan vurğuladı ki, 2 il əvvəl tarixi zəfər qazanaraq müzəffər xalq kimi tanındıqdan sonra dünya miqyasında tamamilə yeni vəziyyət yaratmışıq. Prezident inamını itirmiş xalqların da bu gün inanması, bizə oxşamaq istəməsi, bizim kimi hərəkət etmək istəyi və bizimlə məsləhətləşmələr apardığını diqqətə çatdırdı. Ölkəmiz iqtisadi və diplomatik sahə ilə yanaşı hərb sahəsində də böyük irəliləyişlər əldə edib. Azərbaycanın yaratdığı yeni reallıqlar və ölkə rəhbərliyinin qətiyyətli iradəsinin sayəsində bütün soydaşlarımızın hüquqlarının bərpasına müvəffəq olacağıq.

Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti