Bakı. Trend:
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq.
Trend-in məlumatına görə, bunu yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlətimizin başçısı qeyd edib: "Dünən “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq".