...

Zaxarova Paşinyanı tənqid etdi

Siyasət Materials 10 Fevral 2023 18:10 (UTC +04:00)
Zaxarova Paşinyanı tənqid etdi

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) missiyasının göndərilmə səbəbləri haqqındakı bəyanatını tənqid edib.

Trend xəbər verir ki, bu barədə o, cümə günü keçirilən brifinqdə danışıb.

"Bu cür bəyanatlar Aİ nümayəndələrinin regiona cəlb edilməsinə haqq qazandırmaq cəhdidirsə, bunu heç də uğurlu hesab etmək olmaz", - Zaxarova həftəlik brifinqdə deyib.

O, rus sülhməramlılarının Qarabağda sülhü təmin etdiklərini qeyd edib: "Hərbi sərhədçilərimiz Ermənistan ərazisində, o cümlədən, Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir. Biz Bakının bununla bağlı narahatlığı haqqında heç vaxt eşitmədik. Eyni zamanda, Azərbaycanın Aİ-nin Ermənistanda müşahidə missiyasını yerləşdirmək qərarına tənqidi münasibətindən də xəbərimiz var”.

Qeyd edək ki, bu ilin yanvar ayında Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə növbəti missiya göndərmək barəsində qərar qəbul edib.

Qərarda missiyanın məqsədinin Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı yoluna qoymaq və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəkləyən şəraitin təmin olunmasından ibarət olduğu deyilir.

Xatırladaq ki, 2022-ci il 17 oktyabr tarixində Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədin Ermənistan tərəfinə Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili və hesabat təqdim olunması üçün təqribən 40 nəfər ekspert müşahidəçi göndərmək barədə qərar qəbul edib. 2022-ci il 19 dekabr tarixində Ermənistandakı Aİ missiyasının monitorinqinin mandatı bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti