Bakı. Trend:
Ermənistan BMT-nin insan hüquqları mexanizmlərindən sui-istifadə edir.
Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırarkən deyib.
Trend həmin cavabı təqdim edir:
"Sual: Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan BMT-nin İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının Azərbaycanla bağlı məktubuna istinad edərək guya Azərbaycanın qeyd edilən müraciətə etinadsız yanaşdığını, silahlı qüvvələrimiz tərəfindən törədildiyi iddia olunan hərbi cinayət hallarına aydınlıq gətirilmədiyi barədə açıqlama verib. Bu açıqlamaya münasibətiniz nədir?
Cavab: Ermənistan tərəfinin bu açıqlaması onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər və kütləvi qırğınlar törədən bir ölkənin riyakarlığının növbəti nümunəsidir. Təəssüf ki, Ermənistan bu məqsədlə indi BMT-nin insan hüquqları mexanizmlərindən, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisindən, müqavilə qurumları və mandat daşıyıcılarından sui-istifadə edir və onları saxta təbliğatına məruz qoyur.
Ermənistan tərəfi BMT-nin mandat daşıyıcılarının Azərbaycana növbəti sorğusundan təhrif olunmuş şəkildə sui-istifadə edir, Azərbaycana və azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini ört-basdır etmək və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə daim ciddi yanaşıb, bu çərçivədə tərəf olduğu beynəlxalq konvensiyalar və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə sadiqdir.
Ermənistandan fərqli olaraq Azərbaycan hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn tələblərinin pozulmasına dair bəzi iddiaları araşdırır və bu barədə beynəlxalq öhdəlikləri çərçivəsində aidiyyəti üzrə sorğuları cavablandırır. Ötən ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısı alınan zaman hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalar başlandığını bəyan edib, bu barədə BMT-nin mandat daşıyıcıları da daxil olmaqla aidiyyəti üzrə məlumatlar təqdim edib. Bu çərçivədə işlər hal-hazırda davam etməkdədir.
30 ilə yaxın dövr ərzində keçmiş münaqişənin siyasi və hüquqi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün sui-istifadə edən Ermənistan tərəfi həm işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də post-münaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib.
Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsi xüsusi qəddarlıqla qətlə yetirib, bu günədək itkin düşmüş və əsirlikdə olmuş 3800-dən yuxarı azərbaycanlının taleyi barədə Ermənistan tərəfindən heç bir məlumat verilməyib. 2020-ci oktyabrında beynəlxalq QHT-lər tərəfindən də sənədləşdirilmiş Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.
Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətini də bildirməyib. Ermənistan tərəfindən cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub.
Qeyd edilənlər nəzərə alınaraq, Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq.
Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir, bu istiqamətdə BMT-nin aidiyyəti qurumlarını müvafiq tədbirlər görməyə çağırırıq".