...

Azərbaycanın Mərakeşdəki səfiri İSESKO-ya daimi nümayəndə kimi akkreditasiya məktubunu təqdim edib (FOTO)

Siyasət Materials 17 Mart 2023 15:44 (UTC +04:00)
Azərbaycanın Mərakeşdəki səfiri İSESKO-ya daimi nümayəndə kimi akkreditasiya məktubunu təqdim edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov 16 mart 2023-cü il tarixdə İSESKO-nun Baş direktoru Dr. Salim M. AlMalikə həmin təşkilata daimi nümayəndə kimi akkreditasiya məktubunu təqdim edib.

Səfirlikdən Trend-ə bildirilib ki, səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını İSESKO-nun Baş direktoruna çatdırıb və Baş direktora Azərbaycan və İSESKO arasında əməkdaşlığa göstərdiyi töhfəsinə görə təşəkkürünü bildirib. O, diplomatik fəaliyyəti müddətində Azərbaycanın Təşkilat ilə mövcud olan yüksək səviyyəli əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Səfir İslam aləmində, sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara dəstək, mədəniyyət, mədəni irs, təhsil və digər sahələrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın İSESKO-nun xoşməramlı səfiri kimi rolunu xüsusi qeyd edib.

Səfir Nazim Səmədov, Azərbaycan tərəfinin 2022-ci il 20 may tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə İSESKO arasında imzalanmış və artıq qüvvəyə minmiş Sazişə uyğun olaraq, ən qısa zamanda Bakı şəhərində İSESKO-nun Regional Ofisinin açılması və fəaliyyətə başlamasında maraqlı olduğunu qeyd edib. Eyni zamanda, ötən il dekabr ayında Azərbaycan və İSESKO arasında imzalanmış Fəaliyyət Planının icrası müzakirə olunub.

Səfir işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistanın işğalı nəticəsində mədəni sərvətlərə dəymiş ziyanı və mövcud vəziyyəti qiymətləndirmək üçün ölkəmizdə səfərdə olmuş İSESKO-nun texniki missiyası tərəfindən hazırlanmış hesabatın vacibliyini qeyd edib.

Baş Direktor Azərbaycan və İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, bu əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsinə hər zaman hazır olduğunu bildirib və Səfirə fəaliyyətində yeni uğurlar arzu edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti