...

Qarabağda Ermənistanın qeyri-qanuni silahlı dəstələrinin mövcudluğu sülhə ən ciddi maneədir - Afət Həsənova

Siyasət Materials 7 İyul 2023 14:21 (UTC +04:00)
Qarabağda Ermənistanın qeyri-qanuni silahlı dəstələrinin mövcudluğu sülhə ən ciddi maneədir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni silahlı dəstələrinin mövcudluğu regionda sülhün bərqərar olmasına ən ciddi maneədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Ermənistan qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisindən çoxdan çıxarmalı idi.

“Lakin Ermənistan hələ də bu bəyanata əməl etməyərək qanusuz silahlı dəstələrini Qarabağ ərazisindən çıxarmayıb. Ermənistan hərbçiləri də orada xidmət keçirlər və onların Azərbaycan ərazisində mövcudluğu var. Bununla yanaşı Ermənistan Qarabağdakı separatçılara ildə 300 milyon dollara yaxın pul ayırır və bu vəsaitin bir qismi onların silahlarla təchizatına yönəldilir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkdi.

““Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlətimizin başçısı vurğuladı ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərksilah edilməlidir”.

A.Həsənova qeyd edib ki, əlbəttə ki, Azərbaycan heç zaman bu qeyri-qanuni silahlı dəstələrin öz ərazində qalması ilə razılaşmayacaq.

“Ermənistan və onun havadarları cənab Prezidentin bu mesajından nəticə çıxarmalıdır. Azərbaycan humanistlik nümayiş etdirərək məsələni danışıqlar yolu ilə həll etməyə çalışır. Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib.

Lakin Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirərək Azərbaycanın bu təşəbbüsünə adekvat cavab verməyib, əksinə, yeni təxribatlara əl atıb. Ermənistan bilməlidir ki, Azərbaycanın səbri tükənməz deyil. Lazım gəldiyi halda Dəmir yumruq yenidən işə düşəcək və qeyri-qanuni hərbi birləşmələr ölkəmizin ərazisindən təmizlənəcək. Ermənistan nə qədər tez öz xoşu ilə qanunsuz silahlı dəstələrini Qarabağ ərazisindən çıxarsa, onun üçün o qədər yaxşı olar”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti