Bakı. Trend:
Ermənilərin itin üzərinə partlayıcı bağlayaraq, bizim tərəfə göndərməsi ilk növbədə insanlığa və etika qaydalarına ziddir. Digər tərəfdən, beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulmasıdır.
Bunu Trend-ə ekoloq Abdin Abbasov deyib.
"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu hadisə ilk və sonuncu deyil. Bundan əvvəl də 1994 və 2011-ci illərdə oyuncaqların içinə partlayıcı qoyaraq çay yolu ilə bizim tərəfə göndərmələri bir neçə uşağın ölümünə və yaralanmasına səbəb olmuşdu. Əfsuslar olsun ki, düşmənlərimiz bütün insani və dünyəvi qanunları pozaraq, öz bədnam əməllərini aşkar şəkildə nümayiş etdirirlər", - deyə o qeyd edib.
A.Abbasov vurğulayıb ki, bu gün itlərdən istifadə edən düşmən tərəfinin sabah digər hər hansı vəhşi təbiət canlılarından da istifadə etməyəcəyi istisna olunmur.
"Bir ekoloq və vətəndaş olaraq qeyd etmək istəyirəm ki, heç bir təbiət ünsürü müharibə və münaqişələrin vasitəçisi olmamalı və insanlıq əleyhinə istifadə edilməməlidir. Ev və vəhşi təbiət canlılarının mübaribə aləti edilməsini qəti şəkildə pisləyir və insanları da bu məsələlərə laqeyd qalmamağa səsləyirəm", - deyə o əlavə edib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə
uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı
qurğu bağlayaraq, mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur
ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının
terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha
çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin
üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin
qarşısı alınıb.