Bakı. Trend:
Qarabağda yaşayan erməni nümayəndələri ilə dialoq Azərbaycanın suveren ərazisində ağır silahlanmış qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı.
Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının çıxışı zamanı deyib.
"Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10
noyabr 2020-ci il Üçtərəfli Bəyanatının Azərbaycan tərəfindən
pozulmasına dair Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri
də eyni şəkildə əsassızdır. Tam əksinə, Ermənistan özü qeyd olunan
sənədin Azərbaycan ərazilərindən Ermənistan qüvvələrinin
çıxarılmasına dair
öhdəliklərinə açıq şəkildə əməl etməmişdir", - deyə nazir
bildirib.
C.Bayramov qeyd edib ki, Bu bəyanatın imzalanmasından ötən son üç il ərzində Ermənistan tank və digər zirehli texnikalar, artilleriya qurğuları, çoxlüləli raket sistemləri, minaatanlar, elektromaqnitik döyüş vasitələri və digər hücum vasitələri kimi ağır silahlarla təchiz olunmuş 10 min nəfərdən artıq silahlı birləşmələri Azərbaycan ərazisində saxlamağa davam edib.
"Bu qanunsuz silahlı qüvvələr Ermənistanın bilavasitə hərbi-texniki, logistik və maliyyə dəstəyi ilə, o cümlədən Laçın yolundan sui-istifadə etməklə saxlanırdı. Bu, Ermənistanın özünün revanşist siyasi məqsədləri üçün Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq cəhdinin tərkib hissəsi olmuşdur", - deyə nazir əlavə edib.