Bakı. Trend:
Bir neçə gün sonra Azərbaycan müstəqilliyinin bərpasının 33-cü ilinə qədəm qoyacaq. 33 il mühüm yaşdır və böyük gələcəyin başlanğıcıdır.
Trend-in məlumatına görə, bunu deputat Kamal Cəfərov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, məşhur Amerika sosioloqu Rendal Kollinsin irəli sürdüyü nəzəriyyə əsasən dövlətlərin inkişaf tarixi 100 illiklərlə deyil, 33 illə müqayisə olunmalıdır.
“Çünki tarixi araşdırmalar göstərib ki, hər 33 ildən bir nəsil dəyişimi, intellekt dəyişimi baş verir, 33 yaşında olan dövlət də hazırlıqdan yaradıcılığa başlayır.
Bu elə yaşdır ki, gərək xalq olaraq başımıza gələn hadisələrlə, sınaqlarla və şəxslərlə bağlı obyektiv təhlili aparıb, düzgün nəticə çıxardaq.
Birinici obyektiv nəticə ondan ibarətdir ki, Azərbaycan 33 yaşına kimi natamam olub. Məhz 2023-cü il 15 oktyabr tarixində Müzəffər Sərkərdə İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımızı ucaltması ilə Azərbaycan bütövləşdi.
İkincisi biz Cumhuriyyət qurucuları tərəfindən İrəvanın güzəştə gedildyini, AXC-Müsavat cütlüyü və ermənilərin xalqımızın başına gətirdiyi faciələri unutmamalıyıq. Tarixi hadisələrə düzgün ictimai-siyasi qiymət verməliyik, xalqımızı daim maarifləndirməliyik ki, gələcəyə də uğurla gedə bilək. Çünki bunun üçün nəhəng təməllərimiz var. Və bunu deməyə çox əsasımız var.
Fəxrlə deyə bilərik ki, Azərbaycançılıq ideologiyası, Azərbaycanın əsl müstəqilliyi və Böyük Zəfərimizin siyasi, iqtisadi, hərbi və hüquqi təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycanı və xalqımızı
uca və əzəmət sahibi edən İlham Əliyev olub.
Xalq olaraq çıxarmalı olduğumuz ən mühüm nəticə ondan ibarətdir ki,
Azərbaycanın rifahı həmişə Əliyev irsi ilə bağlı olub. Bu irs bizim
bəxtimizdir, bu irs bizim milli sərvətimizdir. Bunu qorumaq isə əsl
vətəndaşın öz canından artıqdır.
Prezident İlham Əliyev Xankəndində çıxşında qeyd etdi ki,
Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, bu qələbə əbədi bizimlə
olacaq. Bizdən sonra gələn nəsillər də bu Qələbə ilə əbədi fəxr
edəcəklər.
Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki,
15 Oktyabr Azərbaycan günü elan edilsin, bayram olsun.
Biz də hər il övladlarımızla 15 Oktyabr – Azərbaycan gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək”, - deyə deputat əlavə edib.