Bakı. Trend:
6 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun
Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə
köməkçisi Ceyms O’Brayn ilə görüş keçirib.
XİN-dən Trend-ə bildirilib ki,
görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq
gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və
Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə
olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq
münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində
ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin
əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin
bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb.
Eyni zamanda, normallaşmanın digər istiqamətlərindən biri olan
Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin
delimitasiyası üzrə danışıqların intensivləşməsinin əhəmiyyəti
diqqətə çatdırılıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.