...

Prezident İlham Əliyev: Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir

Siyasət Materials 21 Dekabr 2023 17:05 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir

Bakı. Trend:

Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Xankəndidə 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"İdmançılarla ənənəvi görüşü bu il Xankəndidə keçiririk. Bunun çox böyük mənası var. Sizi, ilk növbədə, əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz.

Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm.

Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.

Mən bir daha sizi ürəkdən təbrik etmək istəyirəm. Mən sizi buraya dəvət etməklə sizə öz münasibətimi, hörmətimi bildirmək istəmişəm. Bu görüşü biz Bakıda da keçirə bilərdik. Ancaq hesab etdim ki, bu görüşün burada keçirilməsi və sizə bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaqdır. Bir daha təbrik edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti