Bakı. Trend:
Dünyanın aparıcı media qurumu BBC separatçı milyarder Ruben Vardanyan obrazını ifşa edən geniş araşdırma materialı yayımlayıb.
Trend xəbər verir ki, BBC jurnalistləri onu çox maraqlı təsvir ediblər: xeyriyyəçi və uzaqgörən obrazının arxasında 90-cı illərdən qara pullarla varlanan, özü üçün nəcib imici yaratmağa cəhd edən, fəaliyyəti isə çirkli pulların yuyulmasına yönəlmiş hiyləgər bir adam gizlənib.
Məqalədə onun yaratdığı “Troyka Dialoq” və bütöv ofşor şirkətlər sisteminin çirkli maxenasiyaları təqdim edilir, onların vasitəsilə nüfuzlu adların pullarının gizli şəkildə xaricə ötürüldüyünə ehyam vurulur.
BBC Ruben Vardanyanın Rusiya vətəndaşlığından dərhal və “necəsə” rahatlıqla çıxa bilib Qarabağa keçərək separatçı rejimdə “vəzifə”yə yiyələnməsində “Moskva əli”, həmçinin özünün və başqalarının çirkli kapitalı ilə Qərb sanksiyalarından yayınmaq cəhdi, ardınca İrəvanda hakimiyyətə gəlmə ambisiyaları kimi böyük geosiyasi oyun haqqında danışır.
Eləcə də, Azərbaycanın bu oyunu necə pozduğu, Ruben Vardanyanın Azərbaycanın təzyiqi ilə separatçı rejimdə vəzifəsini itirməsi, aradan çıxmasına isə imkan verilməməsindən danışılır.
Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində Ruben Vardanyan barədə Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə istintaq aparılır.
BBC-də yayımlanmış məqalənin tam mətnini təqdim edirik:
Milyarder-konformistdən səriştəsiz siyasətçiyə kimi. Ruben Vardanyan Azərbaycanda həbsə necə düşdü?
Rusiyalı milyarder, iş adamı və "xeyriyyəçi" Ruben Vardanyan 3 aydan çoxdur ki, Azərbaycanda həbsdədir. O, 2022-ci ildə hamını təəccübləndirdi – həmin vaxt Moskvadakı sakit həyatından ayrıldı, Rusiya pasportunu təhvil verdi və Qarabağa getdi, orada "dövlət naziri" postunu tutdu. Bir il sonra Azərbaycan mübahisəli ərazini geri aldı və Vardanyanın özü də Azərbaycan orqanları tərəfindən həbs edildi. O vaxtdan bəri onun haqqında çox az məlumat var - heç kim onun məhkəməsinin başlama tarixini belə bilmir. BBC onun hekayəsini danışır.
Sentyabrın sonunda Laçın dəhlizində - Dağlıq Qarabağdan Ermənistana yeganə marşrutda Forbes siyahısına daxil olan rusiyalı biznesmen Ruben Vardanyan saxlanılıb.
Azərbaycanın tam qələbəsindən sonra anklavın demək olar ki, bütün erməni əhalisi tərk edilmiş evlər və boş küçələr qoyaraq bu yol ilə keçdi. Azərbaycan sərhədçiləri sakinləri problemsiz buraxıblar, lakin tanınmamış respublikanın bəzi "rəhbərləri" saxlanılıdı. Onların arasında Vardanyan da var idi.
Milyarder bir il əvvəl Rusiya vətəndaşlığından imtina edərək Moskvadan Qarabağa köçüb. Bəziləri bu gözlənilməz addımda Rusiya hökumətinə yaxın bir iş adamını bölgədəki işlərə təsir etmək üçün göndərən “Moskvanın əlini” görürdü. Digərləri - Rusiyadan olan əksər iri biznesmenlərə qarşı tətbiq edilən Qərb sanksiyalarından qaçmaq cəhdini, lakin Vardanyan indiyə qədər onlardan yayınıb. Başqaları isə hesab edirdilər ki, bu, öz həmvətənlərinə səmimi yardım jesti idi və sonda Vardanyanın azadlığı bahasına başa gəldi.
BBC biznesmenin məqsədlərini və tərcümeyi-halındakı kəskin dönüşləri anlamağa çalışıb.
Vardanyan və gələcək.
“Niyə Ruben Vardanyan gələcəyi görə bilir”.
2017-ci ildə bu başlıq altında GQ jurnalında məqalə dərc olunub.
Orada Vardanyan 1990-cı illərdə sərvət qazandıqdan sonra 2010-cu illərdə görünməyə çalışdığı xeyriyyəçi və uzaqgörən kimi göstərilir. Həmin illərdə o, xeyriyyə layihələri irəli sürdü, “Skolkovo” biznes məktəbinə sərmayə qoydu, onun fikrincə, Rusiya biznesi üçün kadrlar hazırlanmalı, erməni Dilicanında özünəməxsus “insanları, millətləri və mədəniyyətləri sülh və davamlı gələcək üçün birləşdirməli" təhsil metodologiyası olan məktəb tikdi.
“Rubenin layihələri miqyası ilə xarakterizə olunur - onlar bu günlə məhdudlaşmır və gələcəyə yönəlib. Ona görə də o, təhsil, elm, mədəniyyətlə məşğuldur, yəni bu gələcəyi müəyyənləşdirir”, - Vardanyanın dostu, yazıçı Yevgeni Vodolazkin BBC ilə söhbətində vurğulamışdı.
Görünür, Vardanyan həqiqətən də hər zaman gələcək haqqında düşünür: bu mövzu demək olar ki, hər müsahibədə eşidilir. 2018-ci ildə o, "Yol ayrıcında" kitabını nəşr etdi və burada gələcək "istedad" dövründə Ermənistanın inkişaf yollarını müzakirə etdi. Kitabda deyilir ki, yaxın gələcəkdə “lazım olan nə işçilər ordusu, nə də ərazilər uğrunda döyüşən güclü ordular deyil. Ən qiymətli resurs adi çərçivədən və məhdudiyyətlərdən kənarda düşünməyi bacaran, daim inkişaf edən, insanları “biz” və “yadlar”a bölməyən qlokal (ingilis dilindən “glocal”, qlobal ilə lokalı birləşdirən) insan olacaq.
Vardanyanın başqa bir layihəsi Moskvanın Romanov dalanındakı Noôdome klubudur. Onun saytında çoxlu gözəl sözlər var və yenə də gələcək haqqında:
“Noôdome gələcəyi görən, dəyişikliyə təşəbbüs göstərən və əlaqələr quran insanları - daha yaxşı sabah üçün bu gün öz hərəkətləri üçün məsuliyyət daşımağa hazır olan insanları bir araya gətirir.”
Yazıçı Vodolazkin də klubun səfiri olub. “İdeya gözəl oldu və indi Noodom mədəni insanların ünsiyyət qura biləcəyi ən yaxşı yerlərdən biridir. Mən geniş mənada mədəniyyət adamlarından danışıram - onlar peşəkarcasına nə edirlərsə etsinlər”, o BBC-yə deyib.
Klubun bir çox üzvləri - direktorlar, sənətşünaslar, professorlar, xeyriyyəçilər həbs olunan iş adamına dəstək üçün açıq məktub imzalayıblar. Bunlar Vardanyanın özünü əhatə etdiyi şəxslərdir. Bununla belə, onun tamamilə fərqli sahələrdən olan dostları da var idi.
Milyarder Rostex-in baş direktoru Sergey Çemezov və dövlət korporasiyasının digər rəhbərləri ilə eyni “Vremena Qoda” ov klubunun üzvü olub, Aralıq dənizi sahilində Rostex rəhbərliyinin villalarının yerləşdiyi eyni kənddə ev tikib və Çemezovun pullarını idarə edib. Rostex indi dövlət müdafiə sifarişini yerinə yetirir: o, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi tankları və sursatları istehsal edir.
“Onun peşəkar keçmişi və işlədiyi şəxslər ictimaiyyət arasında görünmək istədiyindən bir az fərqlidir. Onun dostları mədəniyyət və teatr elitasından olan insanlar, ictimai rəy liderləri, ulduzlardır”, - BBC ilə söhbətində “Transparency International Russia”nın baş direktorunun müavini İlya Şumanov qeyd edir.
Çemezov iş adamının müdafiəsi üçün çıxış etməyib.
“Üçlüyün” ruhu
Vardanyan, deyəsən, hətta postsovet Rusiyasında bu söz tanınmayanda da uzaqgörən idi. Yeni yaranan bazar iqtisadiyyatında Sovet İttifaqının xarabalıqlarında ölkənin ilk investisiya bankı olan “Troyka Dialoq”u qurmağa başlayan 24 yaşlı dünənki tələbə Vardanyan idi.
“Ölkədə heç kim bunun investisiya bankçılığı olduğunu bilmirdi. Bunun nə olduğu barədə heç bir fikir yox idi. Bunu sıfırdan etmək lazım idi”, - NES-in elmi direktoru, İspaniyanın Pompeu Fabra Universitetinin professoru, məşhur rus iqtisadçısı Ruben Enikolopov deyir (ailəsi əslən Qarabağdandır). Və belə bir bank qurmaq mümkün idi və hətta qlobal səviyyədə - davamında qeyd edir: “Çox nadir hallarda milli çempion deyilən bir Rusiya şirkəti meydana çıxır ki, ədalətli rəqabət şəraitində Qərbdən daha yaxşı bir iş görmüşdür".
Belə bir şirkətin işləməsi üçün analitika və ticarət yaratmaq lazım idi. Rusiyada o vaxtlar bunu necə edəcəyini bilmirdilər. İqtisadçı Oleq Vyuqin (o, 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində "Troyka Dialoq"da işləyib) "Rubenin istedadı ondan ibarət idi ki, o, çox səmərəli işləyən komanda yarada bildi". — “Troyka” ilkin olaraq əsas vəzifələrdə ABŞ və Avropadan olan mütəxəssisləri işə götürdü. Çoxları onlardan öyrənirdi”.
Bir çox məşhur rus iqtisadçıları məhz “Troyka”dan başladı: “Bu, elə bir kadr hazırlığı yeri idi. Ruben çox fərqli insanları bir-biri ilə necə bağlamağı çox yaxşı bilirdi”, - Enikolopov deyir.
Həmin illərin hadisələrinin iştirakçıları Vardanyanın kollegiallığa meylli olduğunu deyirlər və “Üçlüyün” xüsusi ruhunu təsvir edirlər: hamı ümumi işdə iştirakını və məsuliyyətini hiss edirdi.
Troykada işləyən Oleq Vyugin xatırlayır: "Bu, bütün qərarların icra edilməzdən əvvəl müzakirə olunduğu direktorlar şurası olan ilk şirkətlərdən biridir". - Ruben baş rol oynayırdı, amma heç vaxt belə bir şey olmayıb: mən bunu belə görürəm, amma hamınız yanılırsınız. Onun üçün qərarın hər kəs tərəfindən verilməsi vacib idi. Rubenin məharəti onda idi ki, bu şura ortaq həll yolu tapırdı və hamı bunu dəstəkləyirdi. O, insanlara arxalanırdı”.
Ancaq uzun müddətdə təşkilat qala bilmədi. 2011-ci ildə “Troyka” Sberbank-a satıldı: dövlət bankı innovativ şirkəti içərisində olan hər şeylə birlikdə mənimsədi.
Enikolopov bunun normal olduğunu təkidlə qeyd edir: “İnvestisiya banklarının müstəqil olması çətindir. Uzunmüddətli perspektivdə yerli milli çempionlar ya kommersiya bankları ilə birləşir, ya da “JP Morgan” kimi beynəlxalq banklarla birləşir”. Məhz bu şirkət 2007-ci ildə “Troyka”nı almağı təklif etmişdi, lakin son anda onu satmamaq qərarına gəldilər.
“2007-ci ildə Rusiya iqtisadiyyatı ilə bağlı daha çox optimizm var idi. Sonra fikirləşdilər ki, onlar sadəcə olaraq çox böyüyəcək və beynəlxalq arenaya çıxacaqlar”, - Enikolopov fərz edir. — 2011-ci ildə isə məlum oldu ki, yox, Rusiya iqtisadiyyatı əsasında qlobal iqtisadiyyat qurmaq olmaz. Və sonra artıq aydın oldu ki, satılmalı oldu”.
“Sber” öz qaydaları və işi olan nəhəng bir quruluşdur və aydındır ki, “Troyka” sırf broker və investisiya şirkəti olaraq orada dağıldı, bu, böyük strukturların daha kiçikləri ələ keçirməsi üçün standart bir hekayədir" - Vyugin deyir.
Beləliklə, "milli çempion"dan qalan yalnız xatirələrdir. “Troyka” uzun müddət yadda qaldı - tamamilə "ağ", nümunəvi rus işinin nümunəsi kimi. Korrupsiyanı araşdıran jurnalist birliyi olan OCCRP tərəfindən 2019-cu ildə aparılan araşdırmaya qədər.
“O, xeyriyyəçi kimi görünməyə çalışır, pul çıxarmaqla məşğul olan bir insan kimi deyil”
Araşdırmalarla məlum oldu ki, “Troyka Dialoq” bütöv ofşor şirkətlər sistemi yaradıb. Onların vasitəsilə nüfuzlu şəxslərin pulları gizli şəkildə xaricə ötürülürdü: jurnalistlər bu şəxslərdən biri kimi Vladimir Putinin dostu, musiqiçi Sergey Rolduqinin adını çəkirdilər. Uzun illərdir ki, araşdırmaçılar violonçel ifaçısı prezidentin “pul kisəsi”, yəni kaptalının mühafizəçisi adlandırırlar.
Araşdırmalar Vardanyanın şəxsiyyətinə kölgə saldı, lakin onu ictimaiyyətin gözündə 100%-lik korrupsioner etmədi. Hətta araşdırmanın özü də vurğulayır ki, “Troyka” ofşor kainatından olan şirkətlərin büdcədən oğurlanmış pulların birbaşa alıcıları olduğunu və ya cinayətkar qruplarla birbaşa əlaqədə olduğunu dəqiq söyləmək mümkün deyil.
Bir çox tanınmış rus iqtisadçıları araşdırmaçı jurnalistlərlə mübahisə edərək, məsələn, ofşorun özlüyündə qanuni təcrübə olduğunu xatırladaraq, Rusiyada varlı insanların mülklərini quldurların və ya təhlükəsizlik qüvvələrinin hücumlarından qorumaq üçün ofşorlardan istifadə etdiklərini xatırladırdılar.
Ruben Enikolopov BBC ilə söhbətində onları dəstəklədi: “know your client” sistemi son zamanlarda belə sərt oldu". — Rusiyanın daxilində qaydalar tamamilə fərqli idi, lakin bu, təkcə Rusiyaya aid deyil, beynəlxalq səviyyədədir. 2000-ci illərin əvvəlinə baxsaq, orada hər şey çox sadə idi və pulun mənşəyinə göz yumurdular”.
Vaxtilə Vardanyanla “Troyka”da işləmiş Oleq Vyuqin araşdırmalar çıxandan sonra təkid edirdi ki, günahkar “Troyka” deyil, onun vicdansız müştəriləridir.
“Korrupsiyadan danışsaq, burada onun subyekti “Troyka dialoqu” deyil, korrupsiya əməllərini törədən konkret şəxslərdir - Maqnitski işi, Şeremetyevo dələduzluğu, rüşvət almaq və s. Onlara diqqət ayırmaq lazımdır. Maliyyə institutları müştəri sifarişlərinin icraçılarıdır”, - o, "The Bell" nəşrinə şərh verərkən qeyd etdi.
Vardanyanın özü də araşdırmaya cavab verərək, mahiyyət etibarı ilə Rusiya elitasının tələblərinə boyun əyməli olduğunu bildirib.
2019-cu ildə “Meduza” ondan sitat gətirdi: "Başa düşün, mən mələk deyiləm". — Rusiyada sizin üç seçiminiz var: inqilabçı olmaq, ölkəni tərk etmək və ya konformist olmaq. Beləliklə, mən konformistəm. Amma mənim öz daxili məhdudiyyətlərim var: səhmlərə kredit hərraclarında iştirak etməmişəm, cinayətlə işləməmişəm, bu və ya digər siyasi partiyanın üzvü deyiləm. Elə buna görə də 1990-cı illərdə mən mühafizəsiz gəzirdim. Mən özümü və prinsiplərimi qorumağa çalışıram”.
Lakin hadisələrin bu versiyası milyarderin hakim elitanın əhatəsində olmağa çalışması faktına uyğun gəlmir. Yenə də OCCRP sayəsində məlum oldu ki, o, Sergey Çemezovun və dövlətə məxsus “Rostex” şirkətinin digər rəhbərlərinin bağ evlərinin yerləşdiyi dəniz sahilindəki həmin İspan kəndində ev tikib.
“Troyka”nın satışından sonra Vardanyan “Quinta Capital Partners” (QCP) şirkətini yaratdı, o, Vardanyanın öz pulunu, eyni zamanda Çemezovun pulunu idarə edirdi. SPARK-ın məlumatlarına görə, şirkət hazırda fəaliyyət göstərmir.
2020-ci ildə Aleksey Navalnı Tatarıstan prezidenti Rüstəm Minnixanovun şübhəli sxemləri ilə bağlı araşdırma yaydı: arvadına məxsus otelin 49%-i ofşor şirkət tərəfindən 2,2 milyard rubla alınıb və mühasibat sənədlərində o, real dəyərini yazmayıb, ancaq endirimli - cəmi 6 milyon yarım. Bu nümunə bir neçə ildən sonra təkrarlandı. Navalnı əmindir ki, rüşvət bu şəkildə maskalana bilərdi. Siyasətçi aşkar etdi ki, ofşor tamamilə Ruben Vardanyana məxsusdur: ümumilikdə Vardanyan, hesablamalarına görə, demək olar ki, 3 milyard rubl ödəyib. Milyarder özü bu ittihamları “tam cəfəngiyat” adlandırıb.
Qarabağa köçərkən Ruben Vardanyan RBK-yə bildirib ki, Rusiyadakı bütün aktivlərini ailə trestinə keçirəcək. SPARK-ın məlumatına görə, bu trest Kayman adalarında ofşor şirkətə, onun kiçik bir hissəsi isə Vardanyanın həyat yoldaşı Veronika Zonabendə məxsusdur. Güman etmək olar ki, Vardanyan və onun ailəsi hələ də trestə verilən əmlaka nəzarət edirlər.
2022-ci ilin oktyabrında Vardanyan Rusiyanı tərk etdikdən dərhal sonra Zonabend Vardanyanın əvvəllər səhmlərinə sahib olduğu bir neçə kiçik şirkətin ortaq sahibi oldu. Məsələn, 2022-ci ilin oktyabrında Vardanyan Qarabağa köçdükdən sonra “Mediakrat” reklam agentliyini aldı. Ancaq artıq 2023-cü ildə agentlikdəki pay Emilia Zonabend-ə keçdi (soyadına görə, bu milyarderin həyat yoldaşının qohumudur).
Vardanyan hazırda Rusiya ordusu üçün yük maşınları və zirehli maşınlar istehsal edən KAMAZ şirkəti ilə əlaqəlidir. 2021-ci ilə qədər KAMAZ-ın 24%-i “Avtoinvest” şirkətinə məxsus idi və Vardanyan hələ də öz tresti vasitəsilə ilə bu şirkətin ortaq sahibidir. O, həm də KAMAZ-ın İdarə Heyətindədir.
“O, pul çıxarmaqla məşğul olan və indi aydın olduğu kimi, bu müharibənin [Ukraynada] başlanğıcında olan çox şübhəli, korrupsionerlərlə ortaqlıq edən bir şəxs kimi yox, xeyriyyəçi kimi görünməyə çalışır”, - deyə Transparency International-dan İlya Şumanov israr edir. Beləliklə, Vardanyan Qarabağa getmək qərarına gələndə onun səmimiliyinə heç də hamı inanmadı.
“Moskvanın əli” var, yoxsa yox?
Ruben Vardanyan Ermənistanda anadan olub, lakin bütün yetkin həyatını - 17 yaşından Rusiyada keçirib, orada biznes qurub və varlanıb.
Vardanyan 2019-cu ildə Forbes jurnalına verdiyi müsahibədə deyib: “İnanmıram ki, Rusiyanı tərk etmək, burada baş verənlərə məhəl qoymamaq olar.” Ancaq cəmi üç ildən sonra - artıq Ukrayna ilə müharibənin qızğın vaxtında - o, Rusiyanı tərk etdi və Putinin işğalı ilə bağlı şərh verməkdən imtina etdi, qaçaraq cavab verdi ki, hər hansı müharibələrin əleyhinədir, lakin onu ən çox narahat edən ermənilərin taleyi imiş. Amma o, Rusiyanı tənqid edə bilməz ki, Ermənistan üçün Qarabağın mövcudluğu ondan asılıdır - və onun sülhməramlılarından.
Qarabağa köçməsi BBC-nin danışdığı Vardanyanın dostları və tanışları üçün sürpriz oldu. Eyni zamanda çoxları qeyd etdi ki, proses buna gedirdi. Vardanyan uzun illərdir ki, Ermənistana sərmayə qoyur. Məsələn, “Matena” biznes məktəbini yaratdı. O, qədim, əlçatmaz Tatev monastırına kanat çəkdirib, bu da turist axınını on qat artırıb və monastırı bərpa edib. Erməni “tələfatı”ndan sağ çıxanlar adından bu gün imkansız və təqiblərə məruz qalanları xilas edənlərə verilən illik “Avrora” Mükafatı təsis edib.
"Mənim üçün Ermənistana nə qədər dəyər verdiyini və onu nə qədər sevdiyini görən bir adam üçün insanların çox çətin vəziyyətdə olduğu bir növ frontirdə olmaq istəməsi təbii idi" BBC-yə jurnalist Andrey Loşak bildirdi: Vardanyanın xahişi ilə o, “Avrora” mükafatı laureatları haqqında videolar çəkirdi və hesab edirdi ki, iş adamı “ilk növbədə Ermənistanın vətənpərvəridir”.
2022-ci ildə Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçdü və orada tezliklə "birinci nazir" postunu tutdu.
Amma nə Azərbaycanda, nə də Ermənistanda əksəriyyət bu addımın səmimiliyinə inanmadı.
Azərbaycanda belə qərara gəldilər ki, Rusiyadan qəfil peyda olan milyarder Moskvanın vəziyyətə müdaxilə cəhdidir.
“O, Moskvadan ora çox aydın gündəliklə göndərilib”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vardanyan haqda açıqca ifadə etmişdir.
2022-ci ilin oktyabrında (o zaman rusiyalı milyarder Qarabağa yeni gəlmişdi) Prezident Əliyev bəyan etdi ki, Azərbaycan “Qarabağda yaşayan ermənilərlə danışıqlara hazırdır, lakin Vardanyan kimi Moskvanın göndərdiyi, rus xalqının ciblərindən milyardlar oğurlanmış adamlarla deyil".
Azərbaycanlı politoloq A.Göyüşov ictimaiyyətin şübhələrini belə izah edib: “Hamı düşünür mümkün deyil ki, Rusiyada böyük bizneslə məşğul olasan və Rusiya hakimiyyəti ilə əlaqədə olmayasan.”
Xüsusilə də Vardanyanın Rusiya vətəndaşlığından nə qədər tez imtina edə bilməsi ilə bağlı şübhələr yarandı. Adi insanlar üçün prosedur 6 aydan 12 aya qədər davam edir, böyük bir sənəd paketi toplamaq lazımdır.
Vardanyan da onu rusiyapərəst mövqedə ittiham edən ermənilərə izahat verməlidir. Onu tənqid edənlər iş adamının yanlış sitat gətirdiyi müsahibəni xatırlayır, haradakı o, Ermənistanın Rusiya Federasiyasının Tatarıstan kimi öz dilini qoruyub saxlayan uğurlu regionuna çevrilməsini təklif edirdi. Vardanyan buna cavab olaraq YouTube-da xüsusi video çəkdi və orada israr etdi ki, onun sitatını kontekstdən çıxarıblar: o, Ermənistanın Rusiyanın tərkibinə daxil olmasını təklif etməyib, hadisələrin mümkün, lakin arzuolunmaz inkişafını qeyd edib.
Erməni politoloq Tiqran Qriqoryan əmindir ki, Rusiyaya Qarabağda əlavə “əl” lazım deyildi. “2020-ci ildən sonra Rusiya sülhməramlı kontingentinin yer üzündə yeganə hərbi amil olduğu və o vaxtlar hesab edildiyi kimi Qarabağın təhlükəsizliyinin təminatı olduğu bir vaxtda orada kim hakimiyyətdə idisə, və Moskvanın fikirlərini, maraqlarını nəzərə almalı idi”, - deyə o, BBC ilə söhbətində qeyd edib.
Qriqoryan deyir ki, "dövlət naziri" olaraq bir neçə ay ərzində Vardanyan heç bir xüsusi rusiyayönlü addım atmayıb və ümumiyyətlə, o, az iş görüb: “O, hətta Rusiya sülhməramlı kontingenti ilə normal münasibətlər qura bilməyib”. Məsələn, Vardanyan açıq şəkildə dedi ki, sülhməramlılar Qarabağ sakinlərinə yanacaq satır, onlar da onu yenidən satırlar. Sülhməramlıların bu xoşuna gəlmədi, politoloq bildirib. "Nazir" Vardanyana yaxın adamlardan biri bu xəbəri təsdiqlədi, lakin problemin sülhməramlıların bütün strukturunda deyil, ayrı-ayrı vicdansız insanlarda olduğunu vurğuladı.
Başqa bir versiya da var: Vardanyan gedən zaman Rusiya ilə əlaqəni kəsmək istəyirdi, hansı ki artıq Ukraynaya qarşı genişmiqyaslı işğala başlamışdı, beynəlxalq ictimaiyyətin gözündə təcavüzkara çevrilmiş və Qərbdən sərt sanksiyalar alırdı.
“O, əslində liderlik qabiliyyətinə baxmayaraq, çox emosional insandır. Hiss etdiyim kimi, o, bütün bu son illərdə çox narahat idi. Daha doğrusu, bu, Ermənistanla bağlı idi, bəlkə də təkcə Ermənistanla yox”, – Vardanyanı çoxdan tanıyan Oleq Vyuqin BBC ilə söhbətində eyham vurdu. "O, Rusiyadakı kəskin siyasi məqamlar barədə birbaşa danışmırdı, lakin narahat və çox təşviş içində idi."
Vardanyanın Rusiya hakimiyyətinə münasibəti dəqiq məlum deyil: o, öz qiymətləndirmələrində həmişə ehtiyatlı olub, baxmayaraq ki, keçmişdə son illərdəkindən daha cəsarətli çıxış edib. “İnsan sabahı düşünərək yaşamalıdır. Hətta oğurluğu da başqa cür edəcəklər, əgər bunu uzun müddət etsələr. Rusiyada hamı bir günlə yaşayır, amma hakimiyyətdə olanlar belə görünür elə bilirlər ki, əbədi yaşayacaqlar və hökmranlıq edəcəklər...” – o, 2013-cü ildə “Kommersant”la söhbətində vəzifədə olanlar haqqında tənqidi danışmışdı.
Digərləri isə Vardanyanın öz gedişi ilə Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra Qərbin rus oliqarxlarına sanksiyalarından qaçmağa çalışdığını irəli sürür. Milyarderin özü 2022-ci ilin yanvarında ABŞ Konqresinin sanksiya sənədlərində adı hallansa da, sanksiyalardan təsirlənməyib.
Bununla bağlı Vardanyan “Meduza”ya müsahibəsində tanınmamış respublikadansa qaçmaq üçün daha rahat yer seçə biləcəyini deyib. “Sanksiyalardan qaçsaydım, Uruqvaya gedərdim: yaxşı hava, yaxşı ət, meyvələr var, ermənilərlə çox yaxşı davranırlar və gözəl iqlimi var. Mən fermada sakit yaşayardım" dedi. “Çünki bilirsiniz, sanksiyalardan qaçıb sadəcə erməni olduğunuz üçün öldürülə biləcəyiniz yerə qaçmaq çox qəribədir”.
“Ermənistan rəhbərliyində hakimiyyət”
Politoloq Qriqoryan əmindir ki, eyni zamanda, Vardanyanın Ermənistanda öz siyasi ambisiyaları var idi. Milyarderlə yaxından tanış olan iqtisadçı Ruben Enikolopov da onunla razılaşır. “Onun ambisiyaları çox aydın idi: o, Ermənistanda hakimiyyətdə olmaq istəyirdi. “Mən şübhələnirəm ki, onun Qarabağda uğur qazanacağı təqdirdə Ermənistan cəmiyyətinin etimadını qazana biləcəyinə dair bir ümidi var idi. “Əlbəttə, Kremlin onu ora göndərməsi fikri cəfəngiyatdır. Bilmirəm, bu, onunla razılaşdırılıb, yoxsa yox, amma əminəm ki, motivasiya çox şəxsi səbəbdən idi”.
Vardanyanın əsas şəxsi keyfiyyətini təsvir etmək üçün Enikolopov ingiliscə “mission driven” ifadəsindən istifadə edir: “missiya ilə motivasiya”. O, israr edir ki, bu, sadə hakimiyyət həvəsi deyil: “Ermənistan elə bir ölkədir ki, bunu düşməninizə arzulamazsınız. Belə bir şeyə nail olmaq üçün çox missiyalı olmalısınız. Qarabağda isə o vaxtlar gündəlik həyatda çox çətin idi. Oraya yalnız yüksək ideyalara görə getmək olardı, hakimiyyətə gəlmək üçün yox”.
“Vardanyan özünü göstərmək üçün canını verdi: mən sizinləyəm, sizi tərk etmirəm, mən olduğum yerdə vətənimi müdafiə edirəm. Və o, Qarabağa getdi”, - iş adamının digər dostu, psixoloq Aleksandr Asmolov deyir. "Və bu seçim insanları onun Moskva, İrəvan və ya Londonda təhlükəsizlikdə olub humanitar layihələr həyata keçirməsindən daha çox ruhlandırdı."
Doğrudan da, onun gəlişi əvvəlcə Qarabağ ermənilərini ruhlandırdı, deyə politoloq Qriqoryan deyir: “Bu qəbildən olan bir adam çətin vəziyyətdə gələndə bu, əhaliyə ümid verir ki, bəlkə burada hələ hansısa gələcək var”.
Lakin sonra Vardanyanla tanınmamış "DQR" "prezidenti" Arayik Arutyunyanın komandası arasında münaqişələr başladı.
İş adamı qəti şəkildə Azərbaycanla edilən razılaşmaların və itkilərin əleyhinə idi: “Vardanyanın bir az ura-patriot mövqeyi var idi: sona qədər mübarizə aparmalıyıq. Amma dəqiq necə döyüşmək barədə yol xəritəsi yox idi”, - Tiqran Qriqoryan deyir.
Vardanyan tanınmamış respublikanın "dövlət naziri" vəzifəsində cəmi dörd ay çalışıb: noyabrdan fevralın sonuna qədər. Daha sonra "prezident" Arutyunyan onu vəzifəsindən azad edib. Vardanyan özü jurnalistlərə istefanın Azərbaycanın təzyiqi ilə baş verdiyini izah edib. Azərbaycanlı ekspert Göyüşov hesab edir ki, bu düzdür. Erməni politoloqu Tiqran Qriqoryan isə əlavə edir ki, Vardanyan istefa verəndə Bakı, İrəvan və Stepanakertdə onun getməsini istəyirdilər.
Vardanyan vəzifədən getdikdən sonra Qarabağda "prezident" Arutyunyana qarşı siyasi qüvvələrin birləşdirilməsi prosesinə başladı. O, həmçinin Ermənistanın Baş naziri Paşinyanı ölkə liderlərinin “Artsaxı itirməsi” faktına görə tənqid edirdi. Rusiyada özünü biznesmen və xeyriyyəçi adlandıran Vardanyan siyasətdən az danışırdı. Qarabağda siyasətçiyə çevrildikdən sonra yerli və Ermənistan hakimiyyəti haqqında sərt danışmağa başladı.
“Ermənistanda siyasi vəziyyət belə görünür: aşağı siniflər bacarmır, yuxarı siniflər istəmir. “İndikilər” ardıcıl olaraq Artsaxın təslim olması, Ermənistanın suverenliyinin tamamilə itirilməsi ssenarisini həyata keçirirlər”, - milyarder Telegram kanalında yazıb. Və o, bu problemin həlli kimi seçkilərdə, hətta prezident deyil, İrəvan şəhər seçkilərində “Həyat üçün ölkə” partiyasının namizədinə səs verməyi təklif edib.
İrəvanın şəhər Şurasının seçkilərində Vardanyanla əlaqəli olan
“Həyat üçün ölkə” cəmi 3,64% səs toplayıb.
Politoloq Qriqoryanın fikrincə, Qarabağda Vardanyan 2023-cü il
sentyabrın 9-da növbəti seçkilər zamanı Qarabağda hakimiyyətə gələn
“müxalifət qütbü” yarada bilib.
Bunu açıq mənbələrdən yoxlamaq mümkün deyil: Sentyabrın 9-da "prezident" olan Samvel Şahramanyan tanınmamış respublikada müstəqil siyasi karyerası olub. Onu Vardanyanın himayəsi altında adlandırmaq mümkün deyil. Və əgər o və biznesmen nəyisə razılaşdırıblarsa, bu, ictimai deyildi.
Vardanyan hər halda Qarabağda uğur qazana bilməyib və bununla da Ermənistanda siyasi xal qazana bilməyib. Sadəcə olaraq, ona görə ki, DQR daxilində hakimiyyət uğrunda mübarizə gedirdi, Azərbaycan ərazini hərbi yolla qaytarmağa hazırlaşırdı - bu, seçkilərdən cəmi on gün sonra, sentyabrın 19-da baş verdi.
Mən Ruben Enikolopovdan “Vardanyan öz planında səhv hesab aparıbmı” deyə soruşduqda o, belə cavab verir: “O, demək olar ki, ümidsiz bir işi üzərinə götürdü və gözlənildiyi kimi, möcüzə baş vermədi. Mission driven ilə idarə olunan insanlar tez-tez başlanğıcda ümidsiz bir səbəb götürürlər. Yüzdən biri nəyəsə nail olur və böyük insana çevrilir. Amma bu, dünyanı dəyişmək istəyən insanların tipinin xüsusiyyətidir: əksər hallarda dünya daha güclü olur”.
Gələcək gəlməyib
Ruben Vardanyan sentyabrın 27-də "qaçqınlar"la birlikdə Ermənistana getmək istəyərkən saxlanılıb və həmin vaxt Qarabağın erməni əhalisi qaçqına çevrilmişdi. Onun əli qandallı fotosu bir çox media orqanlarında yayıldı. Azərbaycan qanunlarına görə, iş adamı terrorçuluğu maliyyələşdirməkdə, silahlı birləşmələrin yaradılmasında iştirakda və sərhədi qanunsuz keçməkdə ittiham olunur. Onu 14 ilə qədər həbs gözləyir.
Ekspertlər razılaşırlar ki, bu, əvvəlcədən bəlli idi: Vardanyan Azərbaycanın həbs etmək istədiyi Ermənistan nəzarətində olan “Qarabağ” liderləri” sırasında idi.
Bir çox insanlar Vardanyanın bütün hərəkətlərini - biznesini, sənətə himayədarlığını, Xankəndiyə köçməsini şəxsi maraq, plan və ya şöhrətlə bağlı olduğunu dərk edir. Nəhəng kapitala və geniş əlaqələrə malik olan nüfuzlu şəxsin Qarabağdan çıxmaması və Azərbaycan hərbçilərindən yayınmağın mümkün olmadığı Laçın yolunda həbs olunmağa niyə icazə verməsi ilə bağlı isə versiyalar yoxdur.
Vardanyanın özü, 2023-cü ildə bir günlük müharibədən əvvəl - blokada zamanı verdiyi müsahibədə, Rusiya sülhməramlıları ilə birlikdə helikopterdən istifadə də daxil olmaqla, fiziki olaraq tərk edə bilməyəcəyini qeyd etdi. “Mən uça bilmərəm, mümkün deyil, helikopter vurulacaq. Deyirlər ki, yalnız Rusiya hərbçiləri vertolyotlardan istifadə edə bilər”, o rusiyalı jurnalist Yelizaveta Osetinskayaya müsahibəsində bildirdi.
Dostları isə hesab edir ki, Vardanyan gedə bilərdi, o, sadəcə olaraq bunun səhv olduğunu düşünürdü.
Psixoloq və Vardanyanın dostu Aleksandr Asmolov deyir: "İnanın mənə, imkanlarını nəzərə alaraq, o, münaqişə zonasını tərk etmək üçün müxtəlif variantlar tapa bilərdi". "O, bunu etmədi, amma hamı ilə birbaşa sərhədə getdi. "O da yanında olduğu xalqla getdi, tərk etmədi, bu bədbəxtliyi onlarla bölüşdü”.
Milyarderin özü də tərk edilmiş görünür.
Rusiya hakimiyyəti saxlanılan keçmiş rusiyalı haqqında çox az şey deyir. Federasiya Şurasının üzvü Aleksandr Başkin bildirib ki, Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyi üçün Rusiyadan kömək görməyəcək. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin və Əliyev oktyabrda görüşüblər, lakin Vardanyanın taleyini müzakirə etməyiblər.
Politoloq Tiqran Qriqoryan Vardanyanın vətəndaşı olduğu ölkə Ermənistan tərəfindən dəmir barmaqlıqlar arxasından çıxarılacağına qəti şəkildə şübhə edir. “İrəvanın mübadilə üçün çoxlu rıçaqları yoxdur”, o hesab edir.
Yalnız 2023-cü ilin dekabrında Ermənistan 2020-ci il müharibəsindən bəri həbsdə olan 32 hərbi qulluqçusunun mübadiləsinə dair Azərbaycanla nəhayət ki, razılığa gəlib. Tanınmamış "DQR"in "rəhbərləri" mübadilə siyahısında yoxdur.
Gələcək Ruben Vardanyanın məktəblər tikəndə və humanitar layihələrin əsasını qoyanda gördüklərindən tamamilə fərqli oldu. Bu, “istedad” və fərqli düşünən insanların dövrü deyil, məhz orduların ərazi uğrunda vuruşduğu bir dövr oldu.
Vardanyan illərlə Putinin elitasına maliyyə məsələlərinin həllində kömək etdi, Rusiyanı qəzəbləndirməmək üçün müharibəni tənqid etmədi, lakin lazım olan anda Rusiya nə Qarabağdakı "Ermənistan respublikası"nı, nə də Vardanyanın özünü xilas edə bildi.
*Rusiya hakimiyyəti tərəfindən xarici agent kimi tanınıb.
**Ekstremist təşkilat kimi tanınıb və Rusiyada qadağan edilib.
***Rusiya hakimiyyəti tərəfindən arzuolunmaz təşkilat kimi tanınıb.”