...

Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər (FOTO/VİDEO)

Siyasət Materials 8 Fevral 2024 15:48 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 2023-cü ilin avqustunda Xocalı soyqırımının iştirakçısı Raşid Beqlaryan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Trend xəbər verir ki, dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı soyırımının törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, Xocalıya hücum zamanı sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər veriblər.

Əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıblar.

Raşid Beqlaryan istintaqa ifadəsi zamanı qeyd edib ki, onlar atəş açanda qadınlar və uşaqlar qışqırmağa başlayıblar, qaçıb xilas ola bilənlər Ağdam tərəfə gediblər, xilas ola bilməyənlər isə burada qalıblar.

"Atəş bitdikdən sonra meyitlərə yaxınlaşıb yoxlayırdılar. Ölməyənlərin üzərinə yenidən atəş açırdılar. Sonra onların üzərindəki qiymətli əşyaları çıxarmağa başladılar. Bu ərazi Xocalı sakinlərinin meyitləri ilə dolu idi. Meyitlər burada təxminən bir həftə qaldıqdan sonra basdırıldı", - deyə o əlavə edib.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

Raşid Beqlaryanın ifadələri əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən Əsgəran qalası yaxınlığında axtarış-qazıntı işləri aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov Trend-ə bildirib ki, ərazidə Xocalı sakinlərinə aid olduğu ehtimal edilən məzarlıq tapılıb. Burada azı 8 nəfərin nəşinin qalıqları aşkar olunub. Bundan sonra da davam etdiriləcək axtarış işləri çərçivəsində bu rəqəmin artacağı istisna edilmir.

Bu gün məzarlığın aşkar olunduğu əraziyə media nümayəndələrinin səfəri təşkil olunub. Səfər çərçivəsində yerli media nümayəndələri ilə yanaşı, Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya və Herseqovina və Rusiyadan olan 35 xarici media nümayəndəsi əraziyə baxış keçirib.

Səfər iştirakçılarına məlumat verilib ki, burada aşkar edilən insan qalıqlarının eyniləşdirilməsi məqsədilə növbəti mərhələdə qalıqlar ərazidən götürülərək, aidiyyəti laboratoriyalara təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti