Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə müasir dünyanı narahat edən məsələlərin müzakirəsi üçün nüfuzlu platforma olan XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Forumun panellərindən birinin səhiyyə məsələlərinə həsr olunması xüsusilə qeyd edilib.
Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında
uzunmüddətli səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə
olunub.
Ə.Əsədov Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar
barədə söhbət açıb. Bildirilib ki, Prezident İlham Əliyev
tərəfindən müəyyən edilmiş dövlət siyasətinin prioritetlərindən
biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun
keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunmasıdır.
Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən proqram və
layihələrin Ümumdünya Səhiyyə Təşkilatının prioritet istiqamətləri
və BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü
vurğulanıb.
Həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev iştirak edib.
