...

Azərbaycan və Rusiya arasında münasibətlər dinamik inkişafdadır – Deputat

Siyasət Materials 22 Aprel 2024 13:30 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında münasibətlər dinamik inkişafdadır – Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rusiya arasında münasibətlərin uzun tarixi var və bu gün də bu münasibətlər dinamik inkişafdadır.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Afət Həsənova deyib.

O qeyd edib ki, Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.

“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlayıb.

Azərbaycanın Ümummillli Lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətlərin inkişafında mühüm irəliləyişə nail olundu. 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.

Sonrakı dövrdə Azərbaycan və Rusiyanın sıx dostluq münasibətləri qurması üçün əhəmiyyətli siyasi və hüquqi baza formalaşdırıldı. İki ölkə arasında bu günə kimi 263 sənəd imzalanıb ki, bu da siyasi, hərbi-texniki, təhlükəsizlik, iqtisadi (ticarət, investisiya, maliyyə, yanacaq-energetika sahəsində əməkdaşlıq, Azərbaycan neftinin Rusiya ərazisi ilə nəql olunması), elmi, mədəni, həmvətənlərin hüquqlarının təmin olunması və digər sahələri əhatə edir.

İki ölkə arasında imzalanan vacib sənədlərdən biri də 2022-ci il fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Bu bəyannamə beynəlxalq qanunlar və iki ölkənin milli maraqları əsasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsini ehtiva edir. Bu bəyannamə təkcə iki ölkə üçün deyil, ümumilikdə bütün region üçün faydalıdır və regionda iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin edilməsinə əlavə zəmant verir”, - deyə deputat bildirib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir.

“Bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyaya 52 rəsmi və işgüzar səfər edib və səfərlər çərçivəsində iki ölkə arasında mühüm sənədlər imzalanıb.

İki ölkə arasında münasibətlərin daha da inkişafına, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevi 60 illik yubileyi ilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə yetiriləcəkdir.

Əlbəttə dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti