...

15 İyun - Xalqımızın davamlı inkişafının tarixi günü

Siyasət Materials 15 İyun 2024 12:26 (UTC +04:00)
15 İyun - Xalqımızın davamlı inkişafının tarixi günü
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

15 iyun – demokratik Azərbaycan Respublikasının qorunmasını və müstəqil hüquqi dövlət quruculuğu prosesinin başlanması tarixidir. Bu tarix canı, həyatı, yorulmaz fəaliyyəti ilə Vətəninə bağlı olan Ümummilli Lider Heydər Əliyevin dünya tarixinin növbəti transformasiya dövründə Azərbaycan xalqının təkidli tələbi ilə Naxçıvandan Azərbaycanın paytaxtı Bakı şəhərinə xalqına xidmət etmək üçün gəldiyi gündür.

Bunu Trend-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, ölkəmizin ictimai-siyasi həyatına Milli Qurtuluş Günü kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır.

“Bu gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.

Ümumiyyətlə, tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi yerə malikdir.

15 iyun 1993-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.

Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi”, - deyə deputat qeyd edib.

O bildirib ki, ilk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

“Məhz həmin tarixi gün Azərbaycan xalqının yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu, 1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən dövlət bayramı elan edildi.

Prezident İlham Əliyev bu tarixlə bağlı deyib: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri, bugünkü reallıqların bünövrəsi kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamıdır.

Keçdiyimiz 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın nəinki regionda, eyni zamanda beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi. İkinci Qarabağ-Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

2020-ci ildə Azərbaycan xalqı Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin miras qoyduğu yolu müvəffəqiyyətlə davam etdirərək, Azərbaycanı öz ərazi bütövlüyünə qovuşdurdu, 2023-cü ildə isə Qarabağımızda baş verən qanunsuzluqlar birdəfəlik ləğv edildi və hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağı 15 oktyabr tarixində Xankəndidə dalğalanmağa başladı.

Beləliklə, 2024-cü ildə xalqımız Milli Qurtuluş Gününü ikiqat sevinc və qürur hissi ilə qeyd edir. Bu gün həm Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri özündə ehtiva edir, eyni zamanda suveren Azərbaycanın hər bir şəhər, rayon və kəndində böyük fəxarət hissi ilə qeyd olunur.

Cari ildə artıq Xankəndidə öz fəaliyyətinə başlamış Qarabağ Universiteti bir tərəfdən Azərbaycan tarixində Azərbaycana qarşı həyata keçirilmiş vandallıqları araşdıraraq xalqımızın igid, qəhrəman övladlarının şücaəti ilə bərabər tariximizin öyrənilməsini, digər bir tərəfdən isə yeni, müasir çağırışlara əsaslanan Azərbaycanın davamlı və gələcək inkişafının təminatçısına çevriləcək kadrların hazırlanmasını, ixtisaslaşmasını həyata keçirəcəkdir.

Son 30 ildə əldə etdiyimiz uğurlar əminliklə söyləməyə əsas verir ki, biz dövlət müstəqilliyimizi bir daha əldən verməyəcəyik, müstəqilliyimiz əbədi olacaq. Azərbaycan tarixinin unudulmaz səhifələrindən olan 15 İyun – Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti