Bakı. Trend:
MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru təyin edilib.
Trend bu barədə MDB PA Katibliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələri, Assambleyanın rəsmiləri və Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun ekspertlərindən ibarət müşahidəçilər qrupu formalaşdırılır.
MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin monitorinqində Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə iştirak edəcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və növbədənkənar seçkilər sentyabrın 1-nə təyin edilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)