Bakı. Trend:
Sentyabrın 1-də keçirilən parlament seçkilərində yüksək nəticə əldə olunub.
Trend-in məlumatına görə, bunu MSK-nın sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, müəyyən məntəqələrdə qanun pozuntularının olması ilə bağlı iddialar qaldırılıb.
“Biz görsək ki, səsvermənin nəticəsinə təsir edən hallar var, onunla bağlı ciddi tədbirlər görürük. Biz daxil olan bütün müraciətlərə qanunauyğun şəkildə baxırıq. Sevindirici haldır ki, ümumi nəticələrə təsir edəcək qanun pozuntuları yoxdur”, - deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.