...

Torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək dövlət orqanları müəyyənləşdi

Siyasət Materials 28 Sentyabr 2024 15:51 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda fəaliyyət sferasına (maraqlarına) toxunulan bir sıra dövlət orqanları torpaq sahəsinin kateqoriyasının (kateqoriya daxilində məqsədli təyinatının) dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verəcəklər.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.

Həmin dövlət orqanları aşağıdakılardır:

1) Kənd Təsərrüfatı Nazirliyi – torpaqların kateqoriyasının dəyişdirilməsinə münasibətdə torpaqların kənd təsərrüfatı perspektivlərinin mövcudluğu, məqsədli təyinatının dəyişdirilməsinə münasibətdə isə torpaqların əkinəyararlılıq vəziyyəti, heyvandarlığın və əkinçiliyin inkişafı ilə bağlı aqrar sahədə torpaq ehtiyatlarından səmərəli istifadəyə dair rəy verəcək;

2) Ekologiya və Təbii Sərvətlər Nazirliyi – faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, ətraf mühitin mühafizəsinə dair rəy verəcək;

3) İqtisadiyyat Nazirliyi – kateqoriyaya aid edilməsi və ya kateqoriyasının dəyişdirilməsi, yaxud məqsədli təyinatının dəyişdirilməsi nəticəsində torpaqdan istifadənin iqtisadi göstəricilərinə və səmərəliliyinə dair rəy verəcək;

4) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

- kateqoriyası dəyişdirilməli torpaq sahəsi yaşayış məntəqəsinin inzibati sərhədləri daxilində yerləşdiyi halda – təklif edilən dəyişikliyin, habelə torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin yaşayış məntəqəsinin baş planına, müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) və kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu planına uyğunluğuna dair rəy verəcək;

- yaşayış məntəqəsinin inzibati sərhədlərinə daxil olmayan kateqoriyası dəyişdirilməli torpaq sahəsində tikinti niyyəti həyata keçirildiyi halda – tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara uyğunluğuna dair rəy verəcək;

5) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi – ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarında yerləşən torpaq sahələrinə münasibətdə meliorasiya və irriqasiya sistemlərinin mövcudluğuna, yararlılıq vəziyyətinə, bu istiqamətdə nəzərdə tutulan layihələrə və su ehtiyatlarının potensialına dair rəy verəcək;

6) müvafiq rayon (şəhər) icra hakimiyyətləri – müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadənin planlaşdırılmasına, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, torpaqlardan səmərəli istifadə edilməklə ərazinin iqtisadi və sosial inkişafının və məşğulluğun təmin edilməsinə dair rəy verəcək.

Xəbər lenti

Xəbər lenti