Bakı. Trend:
Şamaxıda növbəti Beynəlxalq Barbekü Festivalına hazırlıqlar başlayıb.
Trend xəbər verir ki, iyunun 13-14-də keçiriləcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi ilə təşkil olunur.
Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə
yönələn festivalda müxtəlif ölkələrdən tanınmış şef-aşpazlar
iştirak edəcək, möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin
ləziz nümunələri təqdim olunacaq.
Kulinariya bayramında fərqli mətbəx mədəniyyətləri ilə daha
yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti
genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılacaq.
Pavilyonlarda peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim
edəcək, kulinariya məharətlərini bölüşəcək, “Barbekü və Manqal”
dueti, “Steyk şou”, musiqili proqram təqdim olunacaq.
Qeyd edək ki, ötən il Şamaxıda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı kütləviyi və rəngarəngliyi ilə yadda qalmışdı. Bunun ardı olaraq builki festival da ziyarətçilərə maraqlı və zəngin proqram vəd edir.
Festivala biletlər iTicket.az-da satışdadır.