Bakı.Trend:
Gələn il Azərbaycana səfər edən rusiyalı turistlərin sayı bir milyon nəfərə çata bilər.
Trend xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Yevdokimov Bakıda keçirilən “Xəzər regionuna investisiyalar” adlı biznes paneli zamanı deyib.
“Rusiya-Azərbaycan münasibətləri fəal şəkildə inkişaf etməkdə davam edir və Azərbaycan rusiyalı turistlər üçün getdikcə daha populyar istiqamətə çevrilir. Getdikcə daha çox rusiyalı Azərbaycana gəlir. Həm gözəl ağ şəhər Bakıya, həm də əlbəttə ki, "Sea Breeze"ə ",— deyə o bildirib.
Səfir qeyd edib ki, iki ölkə arasında sıx humanitar, iqtisadi və sosial əlaqələr mövcuddur.
“Azərbaycanda çoxlu rus yaşayır, Rusiyada isə çoxlu azərbaycanlı yaşayır. Bunlar iki ölkə və xalqlar arasında çox böyük əlaqələrdir”,- deyə səfir vurğulayıb.
O həmçinin bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard dollara yaxınlaşır və tərəflər qeyri-neft ixracının inkişafı üzərində işləyirlər.
“Biz milli valyutalarla — rubl və manatla işləyirik. Maliyyələşmə ilə bağlı heç bir problemimiz yoxdur”, — deyə səfir qeyd edib.
O həmçinin bildirib ki, iyun ayında Azərbaycanda Rusiya və Azərbaycan parlamentarilərinin görüşü keçiriləcək.
Diplomat eyni zamanda turist axınının artacağına ümid etdiyini ifadə edib.
“Ümid edirik ki, bəlkə də gələn il Azərbaycanda rusiyalı turistlərin sayını bir milyona çatdıra biləcəyik”, — deyə Yevdokimov bildirib.
Onun sözlərinə görə, rusiyalı turistlərin Azərbaycana əlavə marağına beynəlxalq tədbirlər, o cümlədən "Formula 1" Azərbaycan Qran-Prisi və "Dream Fest" festivalı da səbəb olur.
