Fəxri professor adı mənim üçün çox maraqlı yaradıcı fəaliyyət olacaq - Mixail Qusman (FOTO)

Cəmiyyət Materials 26 May 2026 16:39 (UTC +04:00)
Fəxri professor adı mənim üçün çox maraqlı yaradıcı fəaliyyət olacaq - Mixail Qusman (FOTO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Dillər Universitetinin fəxri professoru adına layiq görülmək mənim üçün yalnız yüksək şərəfin simvolik aktı deyil, hər şeydən öncə universitet və tələbələr qarşısında böyük məsuliyyətdir.

Bunu Trend-ə görkəmli jurnalist, radio və televiziya aparıcısı, yazıçı, ictimai xadim Mixail Qusman deyib.

O bildirib ki, universitetin Elmi Şurasına, şəxsən rektor, akademik Kamal Abdullaya bu yüksək şərəfə görə sonsuz minnətdardır.

“İş elə gətirib ki, bütün həyatım bilavasitə bu universitetlə bağlı olub. Mən artıq demişəm ki, ilk dəfə onun binasına hələ Xarici Dillər İnstitutu adlandığı vaxt ayaq basmışam. O zaman mənim cəmi beş yaşım var idi, burada bütün həyatını universitetə həsr etmiş anam işləyirdi. Məni ilk dəfə bura balaca uşaq kimi məhz o gətirmişdi. Anam uzun onilliklər ərzində bu universitetdə kafedra müdiri və prorektor olub”, - deyə Mixail Qusman bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda burada anası — görkəmli alim, tanınmış pedaqoq, professor Lola Barsukun 110 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

“Mən özüm də bu universitetin məzunuyam. Tələbəlik illərim məhz bu dəhlizlərdə və auditoriyalarda keçib və mən onu qırmızı diplomla bitirdiyim üçün xoşbəxtəm. Həm təhsil aldığım dövrdə, həm də xüsusilə ondan sonra universitetin həyatında ən fəal şəkildə iştirak etməyə çalışmışam. Burada tez-tez mühazirələrlə çıxış etmiş, tələbələrlə görüşmüşəm. Mənim üçün bu fəxri ad yalnız yüksək şərəfin simvolik aktı deyil, hər şeydən öncə universitet və tələbələr qarşısında böyük məsuliyyətdir”, - deyə Mixail Qusman bildirib.

O vurğulayıb ki, universitetə faydalı olmaq üçün bütün səylərini göstərəcək: tələbələr qarşısında çıxış edəcək, onlarla görüşəcək, seminarlar keçirəcək.

“Buna görə də mənim üçün bu, yalnız fəxri ad deyil, həm də çox maraqlı yaradıcı fəaliyyətdir”, — deyə Mixail Qusman əlavə edib.

Qeyd edək ki, bu gün Mixail Qusman Azərbaycan Dillər Universitetinin fəxri professoru adına layiq görülüb. Bununla əlaqədar universitetdə təntənəli mərasim keçirilib. Mixail Qusmana fəxri professor adının verilməsi barədə qərar universitetin Elmi Şurası tərəfindən qəbul olunub. Universitetin rektoru Kamal Abdulla Mixail Qusmana böyük təşəkkürünü bildirib, onun təhsilin və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfələri vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti