Bakı. Trend:
Prezident İlham Əliyevin təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində bankların kapital bazarlarında daha fəal iştirakının təşviqi nəzərdə tutulur.
Trend-in məlumatına görə, proqramın 8.2.5-ci bəndinə əsasən, bankların kapital bazarlarında birbaşa iştirakının təşviq edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.
Bu sahədə əsas icraçı qurum kimi Azərbaycan Mərkəzi Bankı (AMB) göstərilib və tədbirlərin icrasına Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) cəlb edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, 2027–2028-ci illərdə bankların müştərilərinə investisiya hesabları açmaq üçün hazırlıq səviyyəsinin qiymətləndirilməsi həyata keçiriləcək. Bununla yanaşı, bankların müştərilərinə investisiya xidmətləri göstərməsi üçün zəruri potensialın formalaşdırılması istiqamətində işlər görüləcək.
Dövlət Proqramında qeyd olunub ki, görüləcək tədbirlərin nəticəsində ən azı üç bankın müştərilərinə investisiya xidmətləri göstərməsi hədəflənir.
