Gələcəyin mühəndisləri yarışır – AzMİU-da materiallar müqaviməti fənni üzrə ümumrespublika olimpiadasına start verilib (FOTO)

Cəmiyyət Materials 26 May 2026 17:25 (UTC +04:00)
Gələcəyin mühəndisləri yarışır – AzMİU-da materiallar müqaviməti fənni üzrə ümumrespublika olimpiadasına start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında materiallar müqaviməti fənni üzrə ümumrespublika olimpiadasına start verilib.

AzMİU-nun Mexanika kafedrasının təşkilatçılığı ilə keçirilən olimpiadanın açılış mərasimində universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, ali təhsil müəssisələrinin nümayəndələri və tələbələr iştirak ediblər.

Açılış mərasimində çıxış edən AzMİU-nun Mexanika kafedrasının müdiri, dossent Ceyhun Musayev olimpiadanın təşkilati məsələri ilə bağlı məlumat verib və iştirakçıları qaydalarla tanış edib.

Rektor professor Gülçöhrə Məmmədova çıxışında mühəndislik təhsilində fundamental elmi fənlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, materiallar müqaviməti mühəndis hazırlığında əsas baza fənlərindən biridir və bu sahədə dərin nəzəri biliklər gələcək mühəndislərin peşəkar formalaşmasında həlledici rol oynayır.

Rektor qeyd edib ki, müasir dövrdə mühəndislik analitik düşüncə, dəqiq hesablamalar, problem həll etmə bacarığı və innovativ yanaşmalarla xarakterizə olunur. Bu baxımdan belə intellektual yarışların təşkili tələbələrin elmi potensialının üzə çıxarılması, onların öz bilik və bacarıqlarını müqayisəli şəkildə nümayiş etdirməsi, eləcə də mühəndislik təhsilinə marağın daha da artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, AzMİU ölkənin aparıcı mühəndislik ali təhsil müəssisəsi kimi nəzəri biliklərin verilməsi ilə yanaşı tələbələrin praktik düşüncə tərzinin formalaşdırılması, onların peşəkar kompetensiyalarının inkişaf etdirilməsi və gələcəyin yüksək ixtisaslı mühəndisləri kimi yetişdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Rektor olimpiadanın müxtəlif ali təhsil müəssisələri arasında elmi-intellektual əməkdaşlığın gücləndirilməsi, tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması və mühəndislik təhsilində keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından da mühüm platforma olduğunu diqqətə çatdıraraq iştirakçılara uğurlar arzulayıb.

Olimpiadada respublikanın 9 aparıcı ali təhsil müəssisəsindən ümumilikdə 53 tələbə iştirak edir. Yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetini 11, Azərbaycan Texniki Universitetini 6, Azərbaycan Dövlət Dəniz Akademiyasını 7, Azərbaycan Milli Aviasiya Akademiyasını 6, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini 5, Bakı Mühəndislik Universitetini 5, Bakı Dövlət Universitetini 7, Mingəçevir Dövlət Universitetini 2, Sumqayıt Dövlət Universitetini isə 4 tələbə təmsil edir.

Olimpiada mühəndislik təhsilinin fundamental istiqamətlərindən hesab olunan materiallar müqaviməti fənninin əsas bölmələri üzrə keçirilir. İştirakçılar dartılma və sıxılma, müstəvi kəsiyin həndəsi xarakteristikaları, dairəvi en kəsikli valların burulması, eləcə də düz oxlu tir və çərçivələrin yastı əyilməsi üzrə nəzəri bilik və praktiki bacarıqlarını nümayiş etdirirlər.

Tədbirin əsas məqsədi tələbələrin mühəndislik sahəsinə marağının artırılması, onların analitik düşünmə və texniki problemlərin həlli bacarıqlarının inkişaf etdirilməsi, gələcək mühəndislərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də ali məktəblər arasında akademik əməkdaşlığın genişləndirilməsidir.

Qaliblər xüsusi pul mükafatları ilə təltif olunacaqlar. Belə ki, I yerin sahibi 1000 AZN, II yer üzrə iki nəfər hər biri 500 AZN, III yer üzrə üç nəfər isə hər biri 300 AZN məbləğində mükafat qazanacaq.

Qeyd edək ki, AzMİU-da keçirilən bu kimi elmi-intellektual yarışlar tələbələrin nəzəri biliklərinin praktik tətbiqlərlə möhkəmləndirilməsi, müasir mühəndislik yanaşmalarının mənimsənilməsi və ölkə üçün yüksək ixtisaslı mühəndis kadrların hazırlanması istiqamətində mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti