Bakı.
26 may tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında iştirakı çərçivəsində Çex Respublikasının xarici işlər naziri Petr Maçinka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhub Bayramov
Çex həmkarınını xarici işlər naziri təyin olunması münasibətilə bir
daha təbrik edib.
Görüş zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi,
enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri
müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir
mübadiləsi aparılıb.
Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi
dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyyəsində
nümayəndələrin qarşılıqlı səfər və təmaslarının, XİN-lərarası
siyasi məsləhətləşmələrin həm ikitərəfli, həm də çoxtərəfli
platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi
vurğulanıb.
Cari ilin aprel ayında Çexiyanın Baş naziri Andrey Babişin
Azərbaycana səfəri zamanı əldə edilmiş mühüm razılaşmalardan irəli
gələn məsələlər nəzərdən keçirilib.
Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf
səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da
dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması,
mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə
diqqət çəkilib.
Görüşdə nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə
dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad
olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı
məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
