Bakı. Trend:
Nyu-Yorka işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Kamboca Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn ilə görüşüb.
Trend-in Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edərək, yüksək səviyyəli siyasi məsləhətləşmələrin və mübadilələrin əhəmiyyətini vurğulayıblar.
Nazirlər həmçinin ticarət, kənd təsərrüfatı, turizm, humanitar məsələlər və təhsil sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, eləcə də mövcud hüquqi bazanın gücləndirilməsi və investisiya imkanlarının təşviq edilməsini müzakirə ediblər.
Birləşmiş Millətlər Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransı, Qoşulmama Hərəkatı və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası da daxil olmaqla çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın və həmrəyliyin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsinin qarşısının alınması tədbirləri barədə məlumat verib.
