Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin oktyabrın 22-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Azərbaycan və İran İslam Respublikası dövlət sərhədini tam nəzarətə götürüməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib.
- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmən ordusunda könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ermənistanın alay komandiri yaralanıb, onun müavini və tabor komandiri məhv edilib.
- Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb. Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyan dəyib.
- Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edib. Düşmənin ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüləri yayılıb.
- Naxçıvan istiqamətində uçuş etmək istəyən Ermənistanın PUA-sı məhv edilib. Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edib.
- Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb.
- Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilməsinin videogörüntüləri yayılıb.