...

Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq TDT-nin uğuru üçün xüsusi əhəmiyyət kəsb edir - Astanadan RƏY

Siyasət Materials 5 Noyabr 2024 19:02 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq TDT-nin uğuru üçün xüsusi əhəmiyyət kəsb edir - Astanadan RƏY
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq Türk Dövlətləri Təşkilatının (TDT) uğuru üçün xüsusi əhəmiyyət kəsb edir.

Bunu Trend-ə açıqlamasında qazaxıstanlı politoloq, Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin Media kommunikasiyaları və Qazaxıstan tarixi kafedrasının dosenti Aygerim Jampetova deyib.

“Bu gün Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf edir və ticarət, mədəniyyət və təhsil də daxil olmaqla, geniş sahələri əhatə edir. Hər iki ölkə TDT-nin əsas regional birlik kimi təsirini gücləndirməyə çalışır ki, bu da onların iqtisadi inteqrasiyaya sadiqliyini vurğulayır”, - deyə o bildirib.

O, həmçinin Qazaxıstan və Azərbaycan ərazilərindən keçən və Mərkəzi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsinə töhfə verən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini qeyd edib.

“Bişkekdə keçiriləcək sammitdə ticarət axınının həcmini əhəmiyyətli dərəcədə artıra biləcək gömrük prosedurlarının sadələşdirilməsi üzrə tədbirlərin müzakirəsi planlaşdırılır”, - o əlavə edib.

Jampetova mədəniyyət və təhsil mübadiləsinin dərinləşdirilməsinin iki ölkə arasında qarşılıqlı anlaşma və dəstəyin möhkəmlənməsinə kömək edəcəyinə əminliyini də ifadə edib.

“Elmi təşəbbüslərin və birgə tədqiqatların inkişafı ikitərəfli əlaqələrin dərinləşməsi üçün yeni üfüqlər açır ki, bu da Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığı hazırkı şəraitdə xüsusilə aktual edir”, - deyə o əlavə edib.

Xatırladaq ki, noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvə Toplantısı keçiriləcək. Bu toplantının mövzusu “Türk dünyasının güclənməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” olacaq.

Xəbər lenti

Xəbər lenti