...

Davosda etibarlı biznes tərəfdaş kimi Azərbaycanın şəffaf investisiya mühitinin nümayişi – ŞƏRH

Siyasət Materials 23 Yanvar 2025 11:02 (UTC +04:00)
Davosda etibarlı biznes tərəfdaş kimi Azərbaycanın şəffaf investisiya mühitinin nümayişi – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dünya İqtisadi Forumu çərçivəsində “OliverWyman Group”, “The Goldman Sachs Group İnc.”, “DP World”, “Carlsberg Group” kimi qlobal biznes nəhənglərinin Prezident İlham Əliyevlə görüş istəkləri ölkəmizdə sabit, təhlükəsiz şəraitin, güvənilir investisiya mühitinin, habelə şəffaf idarəetmə formatının artıq tam şəkildə bərqərar olunduğunu və bunun qlobal miqyasda qəbul edildiyini bəyan etmiş oldu.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili bildirib ki, görüşlərdə Azərbaycanın yaratdığı iqtisadi reallıqlar çərçivəsində şirkətlər tərəfindən müxtəlif istəklər səsləndirilib:

“Təsadüfi deyil ki, beynəlxalq biznes mühitində strateji mövqeyə malik şirkətlər Azərbaycanın iqtisadi transformasiya prosesinin sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və yaşıl enerji sahəsində keçirilən layihələrə, kənd təsərrüfatı məhsullarının ixracına, bölgədə yeni ticarət imkanlarını əhəta etməklə dəyər zəncirinin lokallaşdırılmasına maraq göstərdiklərini açıq mətnlə birbaşa dövlət başçımızın diqqətinə çatdırıraq ondan bu istiqamətdə dəstək ricası etdilər.

Görüşlər zamanı Prezident İlham Əliyevin ifadə etdiyi mövqe isə deməyə əsas verir ki, regionda baş verən iqtisadi proseslərin milli maraqlar rəhbər tutularaq çoxsaylı yeni layihələr çərçivəsində qlobal biznes dairələri ilə tərəfdaşlığın inkişafı istiqamətində beynəlxalq investisiya imkanlarının genişləndirilməsi baxımından dəyərləndiriləcək və tərəfdaşlıqların genişlənməsi və inkişafı istiqamətində potensial imkanlar araşdırılacaq”.

B.Məhərrəmov vurğulayıb ki, Davos İqtisadi Forumunun Azərbaycan üçün kifayət qədər ciddi uğurlarla başladığını əminliklə demək olar.

“Azərbaycana aydındır ki, bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamət verir. Prezident İlham Əliyevin Davos tədbirinin ilk günündə zəngin qrafiki Bakının artıq dünya ilə yeni tendensiyaların dilində danışmağı bacardığını göstərir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Davosa budəfəki səfəri də uğurla yadda qaldı:

“Səfər çərçivəsində dövlət başçısı bir sıra ölkə və qlobal şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Ən çox diqqətçəkən məqam isə bu görüşlər məhz qarşı tərəflərin müraciətləri əsasında baş tutub. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin qlobal siyasətdə və iqtisadiyyatda gündən-günə artan nüfuzunun və etimadının göstəricisidir”.

Millət vəkili əlavə edib ki, Davos İqtisadi Forumu bütün iştirakçılar üçün olduğu kimi Azərbaycan üçün də özünü təqdimetmə və yeni əməkdaşlıqların qurulması üçün çox əhəmiyyətli bir platformadır:

“Dövlət başçısının bir çox beynəlxalq şirkətlərin rəhbərləri ilə olan bu görüşləri həmin şirkətlərin ölkəmizə olan marağından irəli gəlir. Bu görüşlərin əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq şirkətlər Azərbaycanın iqtisadi potensialı, biznes mühiti ilə tanış olur və investisiyaların yatırılması ilə bağlı məsələlər üzərində düşünürlər. Çünki Azərbaycan bu gün investisiyaların yatırılması üçün çox əlverişli ölkədir. İqtisadiyyatımız dinamik inkişaf edir, siyasi sabitlik, ələlxüsusda kommunikasiyaların əlçatanlığı təmin olunub. Bu baxımdan beynəlxalq şirkətlərin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlarının artması normaldır”.

M.Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevlə görüşlər zamanı şirkət rəhbərləri ölkəmizdə görülə biləcək işlərlə bağlı təkliflər də irəli sürüblər.

“Ölkə başçısının görüşdüyü şirkətlərin də əhəmiyyətini nəzərə alsaq, deyə bilərik ki, bu görüşlər region üçün və qlobal məsələlər baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin şirkətlərin öz istəkləri ilə Prezident İlham Əliyevlə görüşmələri onların Azərbaycanla əməkdaşlığın gücləndirilməsində, ölkəmizə sərmayə qoyuluşlarında maraqlı olduqlarından xəbər verir”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti