Bakı. Trend:
Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiq edilən Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının hədəf göstəriciləri məlum olub.
Trend xəbər verir ki, Dövlət Proqramının hədəf göstəriciləri aşağıdakılardır:
- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində aşağıdakılara nail olunacaqdır:
- Əlavə ilə müəyyən edilən beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsinin təmin edilməsi;
- mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin və prosedurların təkmilləşdirilməsi;
- mülki aviasiyada rəsmiyyətin sadələşdirilməsinə dair məsələləri həll etmək üçün innovativ strategiyaların hazırlanmasına dəstək verilməsi;
- sərnişinlərin keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığının təmin edilməsi;
- rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması;
- hava gəmisinin gəlməsi və getməsi zamanı əsassız gecikmələrin qarşısının alınmasını təmin etmək məqsədilə rəsmiyyətin sadələşdirilməsi üzrə tədbirlər görülməsi;
- hava limanlarında (aeroportlarda) səmərəliliyin artırılması üçün effektiv informasiya texnologiyalarının inkişaf etdirilməsi;
- hava gəmisinin istismarçıları tərəfindən Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının müəyyən etdiyi standartlara uyğun ötürülməsi üçün bir pəncərə sisteminin inkişaf etdirilməsi;
- rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq standartların yerinə yetirilməsinə nail olmaqla aviasiya daşıyıcısının cəlbediciliyinin artırılması;
- Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğunluq faizini artırmaqla, keçirilən audit yoxlaması nəticələrinin yüksəldilməsi.