Bakı. Trend:
Azərbaycan Qarabağın bərpası ilə fəal şəkildə məşğuldur.
Trend xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti, 2015–2016-cı illərdə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri olmuş Volkan Bozkır XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“Hazrda ölkə Qarabağın bərpası ilə məşğuldur. Şəhərlərin yenidən qurulduğunu görmək xoşdur, eyni zamanda, tarixi abidələr – məscidlər, saraylar qorunur və bərpa edilir. Əlbəttə ki, əhalinin geri qayıtması böyük səylər tələb edir. Xəstəxanalar, məktəblər tikilməlidir. Amma Azərbaycan bu vəzifənin öhdəsindən gələcək”, - deyə o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.