...

XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusunda panel müzakirəsi keçirilib (FOTO)(ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Mart 2025 14:45 (UTC +04:00)
XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusunda panel müzakirəsi keçirilib (FOTO)(ƏLAVƏ OLUNUB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr" mövzusunda panel müzakirəsi keçirilib.

Trend xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Böyük Britaniyanın Lordlar palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun ilk qadın direktoru Süzan Qrinfild, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin, 2007-ci ildə İsrail prezidenti olmuş, Knessetin keçmiş spikeri, Hadassah Medical Organization təşkilatının sədri Daliya İtsik, “Global Partnerships Forum”un prezidenti və baş direktoru Əmir Dossal, 2015-ci ildə Moldovanın baş naziri olmuş Kiril Qaburiç, “Hadassah Medical Organization”ın baş direktoru Yoram Veys iştirak ediblər.

Paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin deyib ki, ictimai sağlamlıq özəl tibblə məhdudlaşmır, lakin qarşısının alınması, monitorinqi və qlobal koordinasiyanı özündə birləşdirən sistemli yanaşma tələb edir.

Onun sözlərinə görə, ictimai səhiyyə təkcə ayrı-ayrı xəstələrin müalicəsini deyil, həm də ölkənin və ya regionun əhalisinin ümumi sağlamlığını əhatə edir. Bunun üçün fərqli yanaşmalar və statistika tələb olunur. İsmayıl Serageldin profilaktikanın çox vacib amil olduğunu vurğulayıb. Əsas istiqamətlər arasında o, qızılca, məxmərək və parotit kimi xəstəlikləri faktiki olaraq aradan qaldırmağa imkan verən kütləvi vaksinasiyanı xüsusi qeyd etdi.

Daha sonra Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında qeyd edib ki, biz tarixi dönüş nöqtəsindəyik. Dünyanın səhiyyə işçiləri çatışmazlığı ilə üzləşdiyi bir vaxtda yeni həmkarımız – süni intellekt bizə qoşulur.

O bildirib ki, süni intellektə əsaslanan həllər vasitəsilə uzun müddət davam edən səhiyyə problemlərini birdəfəlik həll edə bilən nəslin bir hissəsi olduğumuz üçün şanslıyıq: "Onun ən mühüm töhfələrindən biri xüsusilə ilkin səhiyyə sistemlərinin gücləndirilməsi yolu ilə tibbi xidmətlərə çıxışın genişləndirilməsi olacaqdır. Süni intellektdən ailə sağlamlığına qulluq bələdçisi kimi istifadə fərdin sağlamlığını izləmək və həyat tərzi tövsiyələri vermək üçün faydalı ola bilər".

Öz növbəsində Hadassah Tibb Təşkilatının sədri Daliya İtzik vurğulayıb ki, beynəlxalq əməkdaşlıq qlobal sağlamlıq problemlərinin həllində, xüsusilə pandemiya və iqlim dəyişikliyi kontekstində əsas rol oynayır.

"Sərhədlər virusların yayılmasını dayandıra bilməz, buna görə də ölkələr arasında təcrübə və bilik mübadiləsi vacibdir. Beynəlxalq əməkdaşlıq qlobal sağlamlığın möhkəmləndirilməsinə töhfə verən tibbi texnologiyaların, tədqiqatların və innovasiyaların yayılmasına imkan verir", - o deyib.

Onun sözlərinə görə, İsrail fövqəladə hallara cavab verməkdə əhəmiyyətli təcrübə toplayıb ki, bu da ölkənin səhiyyə sisteminə COVID-19 pandemiyası kimi çağırışlara tez uyğunlaşmağa imkan verib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti