Bakı. Trend:
Azərbaycan və Şimali Makedoniya ölkələrin dünyada sülhə necə töhfə verə biləcəyinə bir nümunədir.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə müsahibəsində BMT Baş Assambleyasının 62-ci sessiyasının sədri, Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim deyib.
O, Şimali Makedoniya ilə Azərbaycan arasında çox mehriban münasibətlərin olduğunu diqqətə çatdırıb:
"Şimali Makedoniya və Azərbaycan ölkələrin dünyada sülh, sabitlik və əməkdaşlığa, həqiqətən, necə töhfə verə biləcəyinə bir nümunədir. Bu çox vacibdir. Belə nümunələr nə qədər çox olsa, dünya bir o qədər sabit, yaxşı vəziyyətdə olar".
Sabiq nazir XII Qlobal Bakı Forumunun Azərbaycan kimi bir ölkənin öz xoşməramlı, yaxşı təşkilatçılıq və dialoq xidmətlərini dünyaya təklif edə biləcəyinin gözəl nümunəsi olduğunu bildirib:
"Dialoq münaqişələrə və müharibələrə alternativdir. Azərbaycan dialoqun olmasının zəruriliyi və onun təbliğinə gözəl nümunədir. Buradakı üç günlük müzakirələr ərzində biz, həqiqətən də, bu gün dünyanın bütün siyasi qüvvələrini məşğul edən çoxlu həyati və mühüm məsələlərdən bəhs etdik. Hesab edirəm ki, bu müzakirə dünyaya çox dəyərli töhfədir.
Forum çərçivəsində fərqli fikirdə olduğumuz məsələlərdə fikir mübadiləsi apardıq. Sabitlik, dünyada sülh quruculuğu, terrorizmlə mübarizə, iqlim dəyişikliyi, daha sonra dayanıqlı inkişaf məqsədləri, münaqişələrin və müharibələrin həlli kimi bütün qlobal problemlər üçün düzgün həll yollarının necə tapılacağına dair müəyyən fikir, təşəbbüs və təkliflər irəli sürdük".
S.Kerim forumda müzakirə edilən məsələlərdən də danışıb:
"Biz Yaxın Şərqdəki vəziyyəti, həmçinin, Ukraynadakı müharibəni, qlobal oyunçular - ABŞ, Çin, Avropa İttifaqı, daha sonra Qafqaz regionu, eləcə də, Balkan, Ərəb dünyası və Mərkəzi Asiya arasındakı münasibətləri müzakirə etdik. Beləliklə, bütövlükdə, hesab edirəm ki, Qlobal Bakı Forumu bizim siyasətçi və diplomat kimi necə davranmalı olduğumuz, bir araya toplaşmalı, müzakirələr aparmalı, fikir mübadiləsi aparmalı, bütün xalqların, millətlərin və mədəniyyətlərin rifahı naminə öz xidmətlərimizi təklif etməyimizin gözəl nümunəsidir.
Bu forum həm də dünyanın müxtəlif guşələrindən fərqli mədəniyyət, adət-ənənə, din nümunələrini birləşdirir. Prezident İlham Əliyevə və forumun təşkilatçılarına yüksək səviyyədə təşkilatçılıq üçün səmimi təşəkkürümü çatdırmaq istəyirəm".