Bakı. Trend:
Azərbaycan Prezidentinin Çinə səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi kontekstində olduqca mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Çin bu gün beynəlxalq münasibətlər sistemində geostrateji və geoiqtisadi baxımdan dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdədir və Çinin həyata keçirdiyi qlobal layihələr, kommunikasiya layihələri coğrafi məkan olaraq Azərbaycan üzərindən Qərbə uzanır. Ona görə də Çin-Azərbaycan münasibətlərinin çox böyük perspektivi və gələcəyi var.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, Çin Qlobal Cənubun ağırlıq mərkəzidir:
“Bu gün dünya iqtisadiyyatı bu və ya digər formada birbaşa və dolayısı ilə Çin iqtisadiyyatına bağlıdır və Azərbaycanın aid olduğu Avrasiya coğrafiyasında Çinin mövqeyi bir çox məsələləri həll edir. Bunların başında, əlbəttə ki, siyasi maraqları da diktə edən iqtisadi maraqlar və yeni iqtisadiyyatın təşkili dayanır. Yeni sənaye inqilabı kontekstində Çin iqtisadiyyatı özünün müasir texnologiyaları ilə innovativ yanaşmaları ilə bu inqilabın önündə gedən iqtisadiyyatdır.
Buraya həm sənayenin ən müxtəlif qolları, eyni zamanda, sənaye istehsalının bazasını təşkil edən yeni “yaşıl enerji” daşıyıcıları məsələsi də daxildir. Ona görə də bütün bu perspektivlərin qiymətləndirilməsi Çin və Azərbaycan münasibətlərinin inkişafı yönündə böyük üfüqlər açır”.
Deputat əlavə edib ki, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çin-Azərbaycan münasibətlərinin Mərkəzi Asiyadan Avropaya qədər uzanması birgə maraqlar yaradır.
“Amma əlbəttə ki, iqtisadi, siyasi münasibətlər dövlətlərarası münasibətlərin iki mühüm komponenti olsa da, mənəvi, humanitar, mədəni dəyərlər də bu münasibətlərin təminat bazası, ictimai şüur səviyyəsində təyin edilən komponentlər kimi çıxış edir. Azərbaycan və Çin xalqlarının faşizm üzərində qələbəni qeyd etmələri ortaq dəyər yaradan təmas nöqtələrindən biridir. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının sədri Azərbaycan Pprezidentini məhz bu münasibətlə Çinə dəvət etdi. Yalnız dost ölkələr bu cür tədbirlərdə ölkənin liderini öz yanında görmək istəyir”.
H.Babaoğlu qeyd edib ki, artıq Çin-Azərbaycan münasibətləri rəsmi iqtisadi, siyasi maraqlardan əlavə, ortaq mənəvi dəyərlər yaradacaq, yeni humanitar komponentlərə söykənməyə başlayacaq.
Milli Məclisin deputatı Nigar Məmmədova isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycanla Çin arasında münasibətlər hər zaman yüksək səviyyədə olub:
“Prezident İlham Əliyevin bu ölkəyə baş tutan dövlət səfəri isə münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Belə ki, bu səfər ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Rəsmi görüşlərdə də bəyan olundu ki, Bakı və Pekin bir-birini etibarlı tərəfdaş kimi qəbul edir. Yeni imzalanan Birgə Bəyanatda da qeyd olunur ki, dövlət başçıları hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq ediblər. Ölkələrimiz qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə hazır olduqlarını bəyan ediblər. Hərtərəfli strateji tərəfdaşlıq həm dər iki ölkənin xalqlarının mənafeyinə hesablanıb".
Millət vəkilinin sözlərinə görə, strateji tərəfdaşlıq diplomatik münasibətlərdə ən yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir:
“Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və bu, qarşılıqlı dəstəyə əsaslanır. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Bakı və Pekin bir-birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Çin, eyni zamanda, Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyinə də dəstək ifadə edib, qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Rəsmi Bakı da öz növbəsində Tayvanı Çin ərazisinin ayrılmaz tərkib hissəsi kimi tanıyır”.
N.Məmmədova əlavə edib ki, ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi də əsas hədəflərdən biridir.
“Eyni zamanda, investisiya əməkdaşlığı üzrə işçi qrupun yaradılması da tərəflər üçün vacib əhəmiyyət kəsb edir. Tərəflər, həmçinin, “Kəmər və yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşdılar.
Azərbaycanın Çin ilə Orta Dəhliz üzrə əməkdaşlıq imkanları da genişdir. Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib. Orta dəhliz vasitəsilə ticarət əlaqələrinin genişlənməsi, Azərbaycana regional və beynəlxalq ticarət yollarında mərkəzi mövqe qazandıra bilər. Bu, iqtisadiyyatın diversifikasiyasına və ticarət həcminin artırılmasına kömək edəcək”, - deyə deputat fikrini yekunlaşdırıb.