...

Azərbaycan-İran münasibətlərində yeni mərhələ: Prezidentlərin görüşü regional əməkdaşlıq və sabitliyə strateji töhfədir

Siyasət Materials 30 Aprel 2025 11:46 (UTC +04:00)
Azərbaycan-İran münasibətlərində yeni mərhələ: Prezidentlərin görüşü regional əməkdaşlıq və sabitliyə strateji töhfədir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri yalnız İran-Azərbaycan münasibətləri fonunda qiymətləndirilməməlidir. Bu, eyni zamanda, İran və Azərbaycan arasında mümkün gərginliyə potensial fürsət kimi baxan qüvvələr üzərində Prezident İlham Əliyevin növbəti qlobal miqyaslı qələbəsidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkilinin sözlərinə görə, İran Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayiş etdirdiyi aydın mövqe də göstərdi ki, Bakı ötən dövr ərzində olduğu kimi, son bir ildə də kifayət qədər haqlı davranıb:

“Bu gün Bakının cənub qonşusuna münasibətdə mövqeyi kifayət qədər beynəlxalq hüquqa uyğundur. İstər prezidentlərin birgə bəyanatları, istərsə də obyektiv və hətta subyektiv məqamlara diqqət etdikdə də aydın görünür ki, Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur və bu proses qarşısında prinsipial maneə yoxdur.

Bundan başqa, cari səfər üçtərəfli əməkdaşlıq layihələrinin geniş müzakirəsinin davamına imkan verdi, xüsusən Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyindən Şimal-Cənub nəqliyyat dəhlizi üçün müstəsna imkanlar açılıb”.

Deputat vurğulayıb ki, prezidentlərin Bakı görüşü humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün mühüm mərhələ kimi görünməkdədir:

“Bundan başqa, əlaqələrimizin regional nöqteyi-nəzərdən strateji önəmi var və Azərbaycan Prezidentinin də bu məsələdə mövqeyi kifayət qədər aydındır. Prezident İlham Əliyev məhz bu əməkdaşlığı regionun inkişafının formulu hesab edir və haqlı olaraq o qənaətdədir ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır.

B.Məhərrəmov qeyd edib ki, İran və Azərbaycan arasında tarixin heç bir dövründə olmadığı qədər uzlaşma əldə olunub:

“İran Prezidentinin də məhz bizim birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyimizi və öz çətinliklərimizi həll edəcəyimizi, habelə biz regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımızın qarşılıqlı qaydada razılaşdırılmış olacağını deməsi İran-Azərbaycan münasibətləri konfiqurasiyasında ciddi perspektivlər vəd edir”.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində siyasət aparır:

“Dünya ölkələri ilə müsbət tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman önəm verən Azərbaycan regionda planlaşdırılan layihələrdə qonşu dövlətlərin iştirakında maraqlı olduğunu önə çəkir. Bu mənada, İranın da Azərbaycanla əlaqələrinin daha da yüksəldilməsi istiqamətində aparılan siyasət əhəmiyyət kəsb edir. Yeni dövr üçün isə əlaqələrin yeni mərhələdə inkişafına ehtiyac duyulur. Bu, yeni çağırışlara, bölgənin yeni statusuna və iqtisadi potensialına uyğun münasibətlər sisteminin qurulması hər iki ölkə üçün olduqca böyük dividendlər vəd edir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan qlobal məkanın gənc, amma birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq münasibətlərin beynəlxalq hüquqa əsaslanan prisiplər üzərində qurulmasını təşviq edir:

“Bu mənada, Azərbaycana xas olan çoxtərəflilik konseptual olaraq fərdi maraqları deyil, ümumən regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edir. Prezident İlham Əliyev tərəfindən dünyada və regionda yaranmış yeni siyasi-iqtisadi gerçəkliklər nəzərə alınaraq uğurla həyata keçirilən siyasətdə İranla strateji tərəfdaşlıq xüsusi yer tutur.

İran-Azərbaycan münasibətlərində yaxın qonşuluq, ortaq tarixi və mədəni irs, dəyərlərdən əlavə qohumluq və qardaşlıq amili əsas götürülür. Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhədindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edir. İranla münasibətlərə də eyni kontekstdən yanaşa bilərik. İranın 12 dövlətlə quru sərhədləri olsa da, ən etibarlı sərhəd Azərbaycanladır”.

S.Fətəliyeva xatırladıb ki, İranla Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövcuddur:

“Bütövlükdə, İran Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının mesajları, imzalanan sənədlər əlaqələrin daha da inkişafı edəcəyini deməyə əsas verir. Yəni, əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkan yaranıb. Bundan sonra qarşılıqlı münasibətlər məhz pozitiv müstəvidə davam və inkişaf edəcək”, - deyə deputat fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti