Bakı. Trend:
Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Bu statusa yiyələnmiş şəxslərin fəaliyyətinin universallığı onunla şərtlənir ki, insan qruplarının, təşkilatların və hərəkatların birgə fəaliyyətinin bütün növləri liderə ehtiyac duyur. Azərbaycanın çətin dönəmində bu ağır missiyanı öz üzərinə götürən ümummili lider Heydər Əliyev olmuşdur. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Böyük strateq Heydər Əliyev hələ hakimiyyətinin birinci mərhələsində milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, onun dövlətçilik və siyasi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin keçmiş və bunların imkanlarından bacarıqla istifadə edib hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün varlığını Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmiş və ölkəmizin hərtərəfli tərəqqisini təmin etmişdir. Ümummilli lider 1982-ci ildən sonra SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə qarşı çıxmış, ermənilərin məkrli torpaq ilhaqı siyasətinə qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ KP MK Siyasi Bürosunun üzvlüyündən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq zamanın diktəsi ilə siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır. 1991-ci ilin 18 oktyabrında qüdrətli dövlət xadimi Heydər Əliyevin də imza atdığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı" ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyət gəlmiş, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açmışdır. Böyük strateqin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Bu mənada, Azərbaycanda hakimiyyətin əsas mənbəyi kimi xalqı və əsas məqsədi kimi onun maraqlarının təmin edilməsini qəbul etməsi, eyni zamanda hüquqi dövlətin mövcudluğunu şərtləndirir. Respublikamızda dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Ulu öndər Heydər Əliyev demokratik dövlət quruculuğuna xidmət edən mütərəqqi hüquqi-siyasi, hüquqi islahatları davam etdirməklə yanaşı, həm də milli maraqlara xidmət edən çevik xarici siyasət xətti yürütmüş, ölkənin milli maraq və mənafelərini daim uca tutmuşdur. Son 15 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyev möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın güc dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir. Ulu öndərin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha aydın görünür. Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi, təvazökarlığı, xalqına, millətinə, Vətəninə sevgisi, ziyalılığı, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi Prezident İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində Prezident İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur. Bu səbəbdən də, dövlət başçısı İlham Əliyevin pozitiv siyasi obrazının mahiyyətini ictimai rəyin adekvat münasibətində axtarmaq lazımdır. Prezident İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsinin əsas cizgilərinə cavab verən siyasi liderdir.
Ümummilli lider Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttini görkəmli şəxsiyyət, dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır. Ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə sabitliyin mənbəyinin xalqımızın iradəsi, xalqımızın seçimi olduğunu, bu gün ölkəmizin dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biri olduğunu qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, “Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.
Göründüyü kimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş böyük dövlət xadimi Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan əmin əllərdədir və ulu öndərin mütərəqqi ideyalarını hər zaman rəhbər tutan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir.
Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman ehtiramla anılacaqdır.
Milli Məclisin deputatı
Şahin Seyidzadə