Bakı.Trend:
Ukrayna bu gün çətin vəziyyətdədir. Ərazi bütövlüyü pozulub, əhalisinin əhəmiyyətli hissəsi ölkədən xaricdə yaşayır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, bu gün Ukrayna dünya dövlətlərindən dəstək istəyir:
“Azərbaycanla Ukrayna arasında həmişə yaxşı, normal münasibətlər olub. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və vaxtaşırı sosial, humanitar yardımlar göstərir. SOCAR-ın Ukraynada olan yanacaqdoldurma məntəqələrindən təxirəsalınmaz mülki faəliyyətlə məşğul olan maşınlar üçün pulsuz yanacaq verilir”.
Deputat bildirib ki, Ukrayna XİN başçısının ölkəmizə səfərinin məqsədi Ukrayna-Azərbaycan münasibətlərini bir daha müzakirə etmək və Azərbaycanın mövqeyini bir daha görməkdir:
“Azərbaycanın mövqeyi isə ortadadır. Eyni zamanda, Ukrayna Azərbaycanla Türkiyənin çox yaxın dostluq və qardaşlıq münasibətlərindən də xəbərdardır. Türkiyənin vaxtaşırı Ukrayna-Rusiya danışıqları üçün ev sahibliyi etməsi də, əlbəttə, dost Türkiyənin problemin tezliklə həll edilməsinə marağını göstərir.
Azərbaycan və Türkiyənin bu məsələdə birgə fəaliyyəti problemin həllinə kömək ola bilər. Biz arzu edirik ki, Rusiya ilə Ukrayna arasında olan hərbi əməliyyatlar tezliklə dayansın, tərəflər problemlərini danışıqlar yolu ilə həll etsinlər və dünya üç ildən çoxdur rastlaşdığı ağır bir problemdən qurtulsun”.
Mövzu ilə bağlı politoloq Turan Rzayev isə Trend-ə bildirib ki, Ukrayna ilə Azərbaycan arasında kifayət qədər inkişaf etmiş münasibətlər sistemi var:
"Hər iki ölkə arasında istər tarixi, istər mədəni, istərsə də yaxın keçmişə dayalı olan ciddi münasibətlər var. Azərbaycan Ukraynaya humanitar yardımlar və güzəştli şərtlərlə enerji nəqlini həyata keçirib. Hətta bu, müharibənin ən kritik dönəmlərində belə davam edib. Rəsmi Bakı Moskvanın ehtimal olunan təzyiqlərini də nəzərə alaraq bundan çəkinməyib".
Onun sözlərinə görə, Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri diqqət çəkir:
"Burada diqqət etməli olduğumuz bir neçə aspekt var. Birincisi, Azərbaycanın son zamanlar artan diplomatik və vasitəçilik missiyası fəaliyyətləridir. Məlum olduğu kimi, Azərbaycan İsrail və Türkiyə arasında razılaşmaların əldə edilməsinə vasitəçilik edib. Bu danışıqlar Azərbaycan üzərindən gedib. Azərbaycan-Ermənistan danışıqları da davam edir. Müəyyən mənada proseslər səngisə də, ümumi proseslərə baxdıqda davam etdiyinin şahidi ola bilirik. Bu da müsbət bir hadisədir.
İran-İsrail gərginliyi fonunda da Azərbaycanın qeyri-rəsmi də olsa diplomatik fəaliyyətinin olduğunu düşünürəm. Bu baxımdan, bu fəaliyyətlər, yəqin ki, Ukrayna tərəfinin diqqətini çəkib. Mümkündür ki, Ukrayna XİN başçısının səfəri fonunda əsas müzakirə predmetlərindən biri də Rusiya-Ukrayna danışıqları olacaq.
ABŞ və Rusiya arasında Səudiyyə Ərəbistanında gedən danışıqlar, Türkiyədə gedən danışıqlar onu deməyə əsas verir ki, Ukrayna üçün proses hazırda istədikləri kimi getmir. O Azərbaycanın vasitəçiliyini istəmiş ola bilər. Bundan əlavə, şübhəsiz ki, dövlətlər arasında enerji sahəsində, dövlətlərarası münasibətlər sahəsində də danışıqlar gedəcək. Hər zaman bu tipli görüşlərdə birdən çox dövlətlərarası məsələ müzakirə edilə bilir".
