Bakı. Trend:
Gəncəyə raketlər düşəndə mən oradaydım.
Trend xəbər verir ki, bunu İsrailin Bakıdakı səfiri Corc Dik jurnalistlər üçün keçirdiyi brifinqdə İkinci Qarabağ müharibəsi zamanı ermənilərin şəhəri raketlərdən atəşə tutmasını xatırlayarkən deyib.
“Gəncəyə raketlər düşəndə mən ordaydım. Artur Mayakovun – 13 yaşında olanvə yuxuda ikən həlak olmuş oğlan üçün axıdılan göz yaşlarını gördüm”.
O, həmçinin 7 oktyabrda İsraildə törədilən terror hücumlarından sonra göstərilən həmrəylik dalğasını da xatırladıb.
“7 oktyabrdan sonra gördüyümüz həmrəyliyi heç vaxt unutmayacağam. Azərbaycanlılar səfirliyimizin qarşısına gül və şamlar gətirirdilər. Səkkiz yaşlı Ayla səfirliyimizin qapısına öz oyuncaq ayısını qoydu – bu hərəkət eyni anda həm ürəyimi parçaladı, həm də ona bir şəfa oldu”, – deyə o vurğulayıb.
İsrail və Azərbaycan xalqları arasında uzunmüddətli münasibətlərdən danışan diplomat bildirib ki, bu dostluğun kökləri əsrlər əvvələ gedib çıxır və rəsmi əlaqələrdən qat-qat dərin və əhatəlidir.
“Xalqlarımız arasında olan dostluq çox dərin və qədimdir. Bu dostluğun əsrlərlə yaşı var. Bu, Lev Landau, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov, Birinci Qarabağ müharibəsində həlak olmuş Vahid Azizov və 7 oktyabrda İsrail kəndlərini müdafiə edərkən şəhid olan onun nəvəsi Lior Azizovun mirasıdır”, – deyə səfir əlavə edib.