Laçın.Trend:
Laçında Baş Prokurorluq tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, konfransda Baş prokuror Kamran
Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Baş
Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri
Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə
Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları
Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş
Prokurorluğunun əməkdaşı Temur Tsindeliani çıxış edib
Kamran Əliyev bildirib ki, 22 avqust 2025-ci il tarixdə iştirakçısı
olduğumuz bu beynəlxalq tədbir bizlər üçün həm hüquqi, həm də
mənəvi baxımdan mühüm əhəmiyyət, böyük dəyər kəsb edir.
"Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il
ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu
təşəbbüs əslində böyük anlam kəsb etməklə suverenliyimizin əldə
olunması, eləcə də hüquqi dövlət quruculuğu ilə bağlı tariximizə
olan ehtiramın göstəricisi və onun əbədiləşdirilməsi istiqamətində
atılmış böyük bir addımdır".
Baş Prokuror qeyd edib ki, hər bir hüquqi dövlətin Konstitusiyası onun üstün qüvvəyə malik ali hüquqi sənədi hesab edilir:
"Dövlətin qurluşunu, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirən bu mühüm sənəd qanunvericiliyin formalaşdırılması və inkişafında önəmli rola malikdir.1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü (1921-ci il mayın 19-da, 1925-ci il martın 14-də, 1978-ci il aprelin 21-də) Konstitusiyadır. Belə ki, Azərbaycan Konstitusiyasının yaranması tarixi SSRİ dövrünə təsadüf edir və əvvəlki 3 redaksiya məhz həmin dövrlərdə qəbul edililib".
Kamran Əliyev deyib ki, konstitusiyamızın təkamül tarixindən bəhs edərkən həyatı boyu Azərbaycan xalqına, vətəninə bağlı olub və ona sədaqətlə xidmət etmiş Ümummilli lider Heydər Əliyevin irsi xüsusi olaraq qeyd edilməlidir:
" Belə ki, əvvəlki Konstitusiyalarımızdan fərqli olaraq məhz onun rəhbərliyi altında hazırlanmaqla 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyanın “Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi".
Baş Prokuror bildirib ki, onilliklər boyu işğal altında olmuş Laçın rayonunda beynəlxalq səviyyəli bir konfransı keçirməyimiz və bu qürur dolu anları yaşamağımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi səriştəsi, qətiyyətli iradəsi və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin rəşadətinin nəticəsidir:
" Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də Dövlət
Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə suverenliyini elan etsə
də, onun reallaşdırılması uzun bir mübarizə nəticəsində mümkün
olmuşdur. Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə
Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə
qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən”
müharibəsində əldə edilmiş tarixi qələbə, eləcə də müharibədən
sonra Qarabağda Ermənistan Respublikasının rəhbərliyi tərəfindən
silahlandırılmaqla fəaliyyət göstərən separatçı rejimin
qalıqlarının 19-20 sentyabr 2023-cü il tarixdə Azərbaycan
Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal
anti-terror tədbirləri nəticəsində məhv edilməsi nəticəsində 30 ilə
yaxın işğal altında olan torpaqlarımız azad edilmiş və süquta
uğradılmaqla Azərbaycan dövlətinin suverenliyi tam bərpa
edilib".
Daha sonra nümunəvi xidmətlərinə görə azad olunmuş ərazilərdə
xidmət aparan bir sıra əməkdaş təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.
