Bakı. Trend:
23 sentyabr 2025-ci il tarixində Beynəlxalq Nəqliyyat Forumunun - BNF (International Transport Forum) Parisdə keçirilən illik səfirlər toplantısında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edib.
Trend xəbər verir ki, səfir, Azərbaycanın 2025-2026-cı il üzrə təşkilata prezidentliyi nümayəndəsi qismində tədbirdə iştirak edib və çıxışında əsas diqqəti ölkəmizin bu önəmli beynəlxalq nəqliyyat platformasında sədrliyinin prioritet istiqamətlərinə yönəldib.
Qlobal nəqliyyat ictimaiyyətinin önəmli tərəfdaşı qismində Azərbaycanın hazırda həm regional, həm də beynəlxalq miqyasda nəqliyyat şərtlərinin daha da yaxşılaşdırılması və beynəlxalq nəqliyyat sektorunda mövcud olan çağırışların qarşısının alınması üçün bütün imkanları dəyərləndirdiyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. Beynəlxalq Nəqliyyat Forumunda prezidentliyi dövründə ölkəmizin strateji nəqliyyat dəhlizlərinin inteqrasiyası yolu ilə beynəlxalq nəqliyyat bağlantılarının daha da gücləndirilməsi istiqamətində işləyəcəyi qeyd edilib və bu xüsusda, Şərq ilə Qərbi birləşdirən önəmli və etibarlı multi-modal yol qismində Orta Dəhlizin inkişafı üçün tərəfimizdən görülən işlər ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Orta Dəhlizin potensialından tam istifadənin yalnız qlobal nəqliyyatı deyil, ölkələr arasında ticarəti də asanlaşdıracağı vurğulanıb. Bununla əlaqədar olaraq, Zəngəzur Dəhlizinin, digər adla desək Beynəlxalq Sülh və Tərəqqi naminə Tramp Yolunun fəaliyyətinin Çin və Avropa arasında mal mübadiləsinin inkişafına təkan verəcəyi səsləndirilib.
Azərbaycanın BNF-də prezidentliyi prioritetləri sırasında təşkilatın coğrafiyasının genişləndirilməsi, yeni üzvlərin bu foruma qoşulmasının təşviq edilməsi, habelə inklüziv ictimai nəqliyyatın olduğu şəhərlərə ağıllı keçid siyasəti qeyd edilib. Sonuncu ilə bağlı ölkəmizin azad edilmiş Qarabağ bölgəsində görülən işlərə və əldə edilən uğurlu nəticələrə istinad edilib.
Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda prezidentliyinin 2026-cı ilin may ayında keçiriləcək nazirlər görüşü ilə yekunlaşacağı və bu yüksək səviyyəli tədbir nəticəsində beynəlxalq bağlılığın rəqəmsallaşması və şəhər nəqliyyatının inkişafı mövzuları üzrə sənədlərin qəbulunun gözlənildiyi bəyan edilmişdir.
BNF-in illik səfirlər iclasında iştirakçıların diqqətinə, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin həmkarlarına ünvanladığı “Azərbaycanın BNF sədrliyinin ilk 100 günü” adlı məktubu təqdim edilmişdir.