Bakı. Trend:
Azərbaycan Respublikası və İtaliya Respublikası arasında siyasi, iqtisadi və mədəni əlaqələr müstəqillik dövründən bəri davamlı olaraq inkişaf edir.
Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
O qeyd edib ki, xüsusilə iqtisadi sahədə bu iki ölkə arasında əməkdaşlıq son illərdə daha da güclənmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, həm də enerji əməkdaşlığında aparıcı ölkələrdən biridir. İtaliya, uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Xüsusilə enerji sektoru bu münasibətlərin mərkəzində dayanır. Azərbaycan İtaliyaya əsasən xam neft və qaz ixrac edir, İtaliya isə Azərbaycana sənaye avadanlıqları, texnologiyalar, maşınqayırma məhsulları, qida məhsulları və lüks istehlak malları ixrac edir."
Politoloq bildirib ki, İtaliya Azərbaycanın ən böyük ixracat tərəfdaşıdır.
"Azərbaycan İtaliyaya əsasən xam neft və qaz ixrac edir.İtaliya Azərbaycandan neft idxal edən Avropa ölkələri arasında birinci yerdədir. Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 9 milyon 198 min 216,58 ton xam neft ixrac edilib. Bu miqdarda məhsulun dəyəri 4 milyard 801 milyon 518,97 min ABŞ dolları təşkil edib. Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 47,7 %, dəyəri isə 21,8 % artıb. Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 57,76 % olub. Enerji sahəsində əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin əsasını təşkil edir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi bu münasibətlərin inkişafında mühüm rol oynamışdır. Bu layihənin bir hissəsi olan TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan təbii qazı İtaliya vasitəsilə Avropaya çatdırılır. TAP kəməri 2020-ci ildə istifadəyə verildi. Kəmər vasitəsilə Azərbaycan qazı İtaliyanın Apuliya bölgəsinə ötürülür. Bu, Azərbaycanın Avropa qaz bazarına çıxışını təmin edən əsas arteriyalardan biridir. İtaliya Azərbaycanın Avropa qaz bazarına çıxışında strateji tranzit və istehlakçı ölkə rolunu oynayır."
A.Qarayev qeyd edib ki, bütün bunların məntiqi kimi İtaliya prezidenti Sercio Mattarellanın ölkəmizə səfəri də böyük əhəmiyyət kəsb edir.
"Sentyabrın 30-da Prezident İlham Əliyev və İtaliya prezidentinin birgə bəyanatları iki ölkə arasında münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev və Prezident Sercio Mattarella çıxışlarında təkcə siyasi və enerji əməkdaşlığını deyil, həm də təhsil, mədəniyyət və Avropa İttifaqı ilə əlaqələr sahəsində tərəfdaşlığın genişlənməsini vurğuladılar."
Politoloq bildirib ki, ən diqqətçəkən məqamlardan biri, İtaliya-Azərbaycan Universitetinin açılışı oldu.
"Bu addım təkcə təhsil sahəsində əməkdaşlıq deyil, həm də iki xalq arasında gələcək nəsillər səviyyəsində körpü rolunu oynayacaq. Enerji sahəsində TAP və Cənub Qaz Dəhlizi layihələrinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan bu gün Avropanın – xüsusilə İtaliyanın – enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident Mattarella da Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu xüsusi vurğuladı və münasibətlərin “ən yüksək səviyyəyə qaldırılacağı” mesajını verdi. Bəyanatlar həm də onu göstərdi ki, İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında fəal rol oynayır və bu istiqamətdə dəstəyini davam etdirəcək.