Bakı. Trend:
Azərbaycanın Avropa İttifaqındakı yaxın dostu və strateji tərəfdaşı, respublikamızın maraqlarına hər zaman dəstək verən dövlət, neftimizin dünyada ən böyük alıcısı… Artıq uzun illərdir ki, Azərbaycan-İtaliya münasibətlərindən bəhs edəndə ilk yada düşən məqamlar məhz bu reallıqlardır. Bu günlərdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə görüşü və səfər çərçivəsində keçirilən tədbirlər bu həqiqətlərin növbəti təsdiqi oldu.
Azərbaycanla İtaliya arasındakı münasibətlərin tarixi zəngindir. Hələ 1918-1920-ci illərdə, Xalq Cümhuriyyəti dövründə İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər qurulub. Həmin dövrdə İtaliyanın Bakıda diplomatik təmsilçiliyi də fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə iki dövlət arasında mədəni sahədə əlaqələr mövcud olub, 1972-ci ildə Bakı və Neapol şəhərləri qardaşlaşıblar.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlər yeni siyasi müstəviyə qədəm qoyub. İtaliya Azərbaycanın dövlət müstəqilliyini 1 yanvar 1992-ci il tarixində tanıyıb. 1992-ci ilin may ayında isə diplomatik əlaqələr qurulub. İki ölkənin əlaqələrinin inkişafında dövlət başçılarının səfərləri böyük rol oynayıb. Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyub. İtaliya ilə əlaqələri yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev İtaliyada 2005, 2008, 2014, 2024-cü illərdə rəsmi, 2011,2015, 2022-ci illərdə işgüzar, 2020-ci ildə isə dövlət səfərində olub.
İtaliya Prezidenti Sercio Mattarella ilk dəfə 2018-ci ildə ölkəmizdə dövlət səfərində olub. İtaliyanın baş nazirləri isə 2 dəfə ölkəmizə səfər ediblər. Təbii ki, bu səfərlərin hər biri əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıqların meydana çıxmasına böyük töhfələr verib. Eyni bu səfərlər təsdiq edir ki, Azərbaycanla İtaliya arasında ali səviyyəli müntəzəm təmaslar var ki, bu onların yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev sentyabrın 30-da Bakıda İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə mətbuata bəyanatında iki dövlət arasındakı siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirib:
«Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır».
Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bunu artıq həllini tapmış Qarabağ məsələsi ilə bağlı İtaliyanın nümayiş etdirdiyi mövqe də təsdiq edir. Məlum olduğu kimi Vətən müharibəsi dövründə İtaliyada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əks etdirən sənədlər qəbul edildi. O cümlədən müharibə dövründə Azərbaycanla həmrəylik və dəstək mövqeyi İtaliya mətbuatında daha intensiv xarakter almışdı. Bütün bunların, strateji tərəfdaşlığın və iki ölkə arasında qarşılıqlı maraqların nəzərə alınmasını özündə ehtiva edən münasibətlərin formalaşmasının nəticəsidir ki, bu gün İtaliya şirkətləri də işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak edirlər.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 16 milyard ABŞ dollarından çox olub. Ona görə Azərbaycan həm də İtaliyanın Cənubi Qafqaz regionundakı əsas ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 faizi Azərbaycanın payına düşür və respublikamız Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır.
Sözsüz ki, İtaliya-Azərbaycan əlaqələrindən söz düşmüşkən enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Belə ki, İtaliya xam neft və neft məhsullarının ixracında Azərbaycanın əsas tərəfdaşıdır. Hazırda Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. İtaliya həm də Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik qaz kəmərinin (TAP) iştirakçısıdır. Məlum olduğu kimi bir neçə il öncə TAP layihəsinin icrası ilə bağlı süni şəkildə əngəllər yaradılırdı. Məhz Azərbaycanla İtaliya arasındakı yüksək siyasi münasibətlərin nəticəsində bütün maneələr aradan qaldırıldı. TAP-ın istifadəyə verilməsi ilə Azərbaycan Avropanın təbii qaz təchizatında mühüm tərəfdaşa, İtaliya üçün isə ikinci ən böyük təbii qaz tədarükçüsünə çevrildi.
Azərbaycanla İtaliya arasında əlaqələr yalnız siyasi və iqtisadi sferalarla yekunlaşmır. İki dövlət mədəni və humanitar sahələrdə də fəal əməkdaşlıq həyata keçirirlər. 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan edilməsi və bu çərçivədə keçirilən tədbirlər Azərbayan mədəniyyətinin İtaliyada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya mədəni əlaqələrinin daha da genişlənməsinə böyük töhfə oldu.
Mədəni əlaqələrin inkişafında Heydər Əliyev Fondunun da böyük xidmətləri var. Fondun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda və Romada həyata keçirilən layihələr həm İtaliya rəsmiləri, həm də Roma Papası tərəfindən böyük minnətdarlıq və razılıqla qarşılanır. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən İtaliyada təşkil olunan mədəni tədbirlər də iki ölkə arasında mədəni əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir.
İtaliya Prezidenti Sercio Mattarellanın səfəri çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılması isə humanitar sferada əməkdaşlığın genişlənməsinin göstəricisidir. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Təhsil sahəsində əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.
Əlbəttə ki, bu universitetdə təhsil alacaq tələbələr iki ölkə arasındakı dostluğu daha da gücləndirəcəklər. Ümumilikdə isə İtaliya-Azərbaycan Universitetinin yaradılması göstərir ki, iki dövlətin energetika, iqtisadiyyat və sənaye sahəsindəki sıx əlaqələri humanitar sahədə də əməkdaşlığın inkişafına xidmət edir. Bu da öz növbəsində bir daha iki ölkənin səmimi münasibətlərindən xəbər verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən Azərbaycan-İtaliya əməkdaşlığı sözün əsl mənasında, strateji xarakter daşıyır:
«İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır».
Prezident Sercio Mattarellanın respublikamıza rəsmi səfəri Azərbaycan-İtaliya əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə uyğun inkişafının növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycanla İtaliyanın strateji tərəfdaşlığı həm rəsmi sənədlərdə, həm həyatda və praktik işlərdə özünü büruzə verir. İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri iki dövlətin strateji tərəfdaşlığını daha da gücləndirəcək, əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı