...

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub

Siyasət Materials 7 Oktyabr 2025 00:34 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

6 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Nazir Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Yermek Koşerbayevi bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmasların əməkdaşlığımızın inkişafındakı müstəsna rolu vurğulanıb.

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, eləcə də regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycan və Qazaxıstanın üzv olduqları bir sıra regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin əhəmiyyətli olduğu bildirilib.

Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı əldə edilmiş tarixi razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti