Bakı. Trend:
Müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi tarixi yalnız siyasi və iqtisadi islahatlarla deyil, eyni zamanda dərin mənəvi dəyərlərə söykənən humanist yanaşmalarla səciyyələnir. Dövlətin gücü təkcə sərt hüquqi mexanizmlərlə deyil, həm də cəmiyyətə, insana, sosial ədalətə və mərhəmətə göstərilən münasibətlə ölçülür. Bu baxımdan amnistiya Azərbaycan dövlətçiliyinin humanist mahiyyətini açıq şəkildə nümayiş etdirən mühüm siyasi-hüquqi alətlərdən biridir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müasir Azərbaycan dövlətinin əsasları qoyulmuş, Konstitusiya qəbul edilmiş və hüquqi dövlət quruculuğu yolunda möhkəm bünövrə yaradılmışdır. Məhz bu siyasi məktəbin davamı olaraq amnistiya və əfv institutları bu gün də dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
Azərbaycan xalqı son illərdə tarixi hadisələrin canlı şahidinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, müdrik strategiyası və xalq-ordu-dövlət birliyi nəticəsində Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər, ardınca həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu Zəfər təkcə hərbi-siyasi qələbə deyil, eyni zamanda hüquqi və mənəvi baxımdan yeni bir mərhələnin başlanğıcı oldu", - o bildirib.
Onun sözlərinə görə, suverenliyin bərpası ilə Azərbaycan Respublikasının Konstitusiyasının ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində tam şəkildə təmin edildi.
"Dövlətin hüquqi məkanı bütövləşdi, qanunun aliliyi prinsipi yeni reallıqlar fonunda daha da möhkəmləndi. Məhz belə bir tarixi mərhələdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü irəli sürməsi həm siyasi baxımdan, həm də mənəvi-ideoloji aspektdən xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq təcrübə və hüquq nəzəriyyəsi göstərir ki, amnistiya yalnız güclü, özünə güvənən və sabit dövlətlərin həyata keçirə biləcəyi humanist addımdır. Dövlət öz suverenliyini tam təmin etdikdən, hüquqi nəzarəti möhkəmləndirdikdən sonra cəmiyyətə qarşı mərhəmət göstərmək gücün və siyasi yetkinliyin göstəricisidir.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü məhz bu kontekstdə qiymətləndirilməlidir. Dövlət başçısı humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzanın yalnız cəzalandırma deyil, həm də tərbiyəvi mahiyyət daşıdığını bir daha ön plana çıxarır. Amnistiya, eyni zamanda, insanlara ikinci şans vermək, onları cəmiyyətə yenidən qazandırmaq məqsədi daşıyır.
Amnistiya aktının layihəsinə nəzər saldıqda onun dərin sosial məzmun daşıdığı açıq şəkildə görünür. Layihədə Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, həlak olmuş və ya itkin düşmüş qəhrəmanlarımızın yaxın qohumlarının, müharibə nəticəsində əlil olmuş şəxslərin əhatə olunması dövlətin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi yüksək ehtiramın bariz nümunəsidir", - o bildirib.
A.Qarayev qeyd edib ki, bununla yanaşı, qadınlar, 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar kimi həssas kateqoriyalara xüsusi yanaşma göstərilməsi humanist dövlət modelinin mahiyyətini ortaya qoyur. Bu, cəmiyyətin zəif təbəqələrinin müdafiəsi, sosial ədalətin təmin olunması və hüquqi sistemin insana yönəlik xarakter daşımasının göstəricisidir.
"Amnistiya aktı yalnız geniş əhatə dairəsi ilə deyil, həm də cəza siyasətində balanslı yanaşmanı təmin etməsi ilə diqqət çəkir. Böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması hüquqi sistemin ədalət prinsiplərinə uyğunluğunu nümayiş etdirir.
Bu yanaşma bir tərəfdən cəmiyyətin təhlükəsizliyini təmin edir, digər tərəfdən isə insan taleyinə həssas münasibəti qoruyur. Dövlət açıq mesaj verir: qanun pozuntuları cəzasız qalmır, lakin insanın islah olunması və cəmiyyətə reinteqrasiyası da əsas məqsədlərdən biridir.
Proqnozlara əsasən, Milli Məclisə təqdim olunan bu Amnistiya aktı Azərbaycan tarixində əhatə dairəsinə görə ən böyük amnistiya olacaq. Ümumilikdə 20 mindən çox şəxsin bu aktdan yararlanacağı gözlənilir. Onlardan minlərlə insanın azadlıqdan məhrumetmə cəzasından azad olunması, digərlərinin cəzalarının azaldılması və ya cinayət məsuliyyətindən tam azad edilməsi nəzərdə tutulur", - o bildirib.
Politoloq vurğulayıb ki, bu rəqəmlər təkcə statistik göstərici deyil. Onların arxasında minlərlə ailənin taleyi, sosial mühitə qayıdan insanlar, yenidən qurulan həyat hekayələri dayanır. Bu, cəmiyyətin sağlamlaşmasına və ictimai harmoniyanın möhkəmlənməsinə xidmət edən mühüm addımdır.
"Prezident İlham Əliyevin siyasi fəaliyyətində humanizm xətti ardıcıl və sistemlidir. Əfv sərəncamları, sosial islahatlar, şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət, məcburi köçkünlərin qayıdışı, sosial rifahın artırılması bu siyasətin tərkib hissələridir. Amnistiya təşəbbüsü də bu ümumi strategiyanın məntiqi davamıdır.
Bu liderlik modeli güc və mərhəmətin, prinsipiallıq və insanpərvərliyin harmoniyasına əsaslanır. Amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətinin siyasi yetkinliyinin, hüquqi sabitliyinin və humanist mahiyyətinin parlaq ifadəsidir. Bu addım göstərir ki, Azərbaycan öz tarixinin yeni mərhələsinə qalib, güclü və mərhəmətli dövlət kimi qədəm qoyub. Suverenliyini bərpa etmiş, hüquqi məkanını bütövləşdirmiş ölkə indi cəmiyyət daxilində insan amilinə daha geniş meydan verir", - A.Qarayev əlavə edib.
