Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri son dövrlərdə ölkəmizə həyata keçirilən ən yüksək səviyyəli səfərlərdən biridir və Vaşinqtonun Bakı ilə münasibətlərin inkişafına verdiyi önəmin bariz göstəricisidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputat əlavə edib ki, sözügedən səfər ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına mühüm zəmin yaradır. Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra aktual məsələlər müzakirə olunub, iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, xüsusilə enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq, regional sabitlik və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə mövzuları sırasında yer alıb.
A.Həsənova qeyd edib ki, bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından deyil, həm də regionun siyasi və iqtisadi həyatına təsir göstərə biləcək mühüm qərarların qəbul olunması ilə yadda qalıb:
“Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasındakı münasibətləri tamamilə yeni mərhələyə çıxarmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm hüquqi və siyasi baza formalaşdıracaq”.
Deputat ABŞ-Azərbaycan münasibətlərinin tarixinə də toxunaraq bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub:
“ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ötən dövrdə tərəflər siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə sıx əməkdaşlıq formalaşdırıblar. Xüsusilə enerji sahəsində əməkdaşlıq münasibətlərin strateji xarakter almasına ciddi töhfə verib. ABŞ Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi qlobal enerji layihələrini daim dəstəkləyib. Bu layihələr təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.
Bununla yanaşı, Azərbaycan beynəlxalq terrorizmlə mübarizə, regional təhlükəsizliyin təmin olunması və sülhməramlı missiyalarda ABŞ ilə əməkdaşlıq edən etibarlı tərəfdaş kimi çıxış edib. Azərbaycan hərbçilərinin Əfqanıstanda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət etməsi də iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm nümunələrindən hesab olunur”.
Afət Həsənova vurğulayıb ki, Azərbaycan balanslaşdırılmış və milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirir:
“ABŞ ilə münasibətlərin yüksək səviyyəyə çatması da məhz bu ardıcıl və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər və genişlənən iqtisadi-ticarət əlaqələri gələcəkdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. Bu baxmdan Vensin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır”.
