Bakı. Trend:
Son dövrlər beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar fonunda Azərbaycanın geosiyasi çəkisi və diplomatik manevr imkanları əhəmiyyətli dərəcədə artıb. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları və regional sabitliyin təmin olunmasında oynadığı rol ölkəmizi qlobal güclər üçün etibarlı tərəfdaşa çevirib. Məhz bu reallıqlar fonunda dünyanın aparıcı dövlətlərinin Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirməyə xüsusi maraq göstərməsi diqqət çəkir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri də bu kontekstdə qiymətləndirilməli, iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir:
“Azərbaycanın artan geosiyasi çəkisi və regional rolu dünyanın aparıcı dövlətləri üçün ölkəmizi etibarlı və strateji tərəfdaş kimi ön plana çıxarıb. Bu çərçivədə, 8 avqust 2025-ci il tarixində Ağ Evdə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla görüşü zamanı verilən mesajlar hələ də beynəlxalq diplomatiya gündəmində əhəmiyyətli nüanslar daşıyır. Məhz həmin görüşdə paraflanmış sənədlər və müəyyənləşdirilmiş strategiyalar sonrakı diplomatik addımların, o cümlədən Cey. Di. Vensin Bakıya səfərinin zəminini yaratdı”.
Azər Qarayev bildirib ki, bu səfər, Vaşinqton–Bakı xəttində formalaşan institusional və strateji əməkdaşlığın ardıcıl inkişafını nümayiş etdirir və Prezident İlham Əliyevin ABŞ administrasiyası ilə, xüsusən Prezident Trampla uzunmüddətli etimada əsaslanan münasibətlərinin davamlı xarakter daşıdığını göstərir:
“ABŞ dövlətinin Azərbaycana yüksək səviyyəli nümayəndə səfəri, Prezident İlham Əliyevin son illərdə regional və qlobal müstəvidə etibarlı və nüfuzlu lider kimi mövqeyinin birbaşa təsdiqi və strateji diplomatiyada əldə olunmuş etimadın açıq ifadəsi kimi diqqət çəkir. Cey. Di. Vensin Bakıya səfəri Vaşinqton–Bakı dialoqunda əldə edilmiş etimadın, qarşılıqlı strateji baxışların və davamlı əməkdaşlıq iradəsinin göstəricisi olaraq, Azərbaycan diplomatiyasının yüksək səviyyədə təşkil olunmasının və Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun birbaşa nəticəsidir. Bu səfər həm də ABŞ ilə tərəfdaşlığın institusional əsaslarla möhkəmləndirilməsi, diplomatik dialoqun daha şəffaf və ardıcıl xarakter alması baxımından əhəmiyyətli siyasi mesaj daşıyır”.
Politoloqun fikrincə görüşün nəticəsi olaraq imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın beynəlxalq səviyyədə etibarının möhkəmlənməsinə, enerji təhlükəsizliyi və regional stabillik sahəsində aktiv rolunun tanınmasına, eləcə də strateji və iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradır:
“Dünyanın aparıcı dövlətinin Azərbaycana göstərdiyi diqqət, ölkəmizi qlobal siyasət və iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi mövqeləndirir. Eyni zamanda, Xartiya tərəflər arasında qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirir, Azərbaycanın strateji tərəfdaş kimi rolunu davamlı olaraq təsdiqləyir.
Cey. Di. Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın beynəlxalq səhnədə mövqeyini yalnız simvolik olaraq möhkəmləndirmədi; bu, ölkəmizə strateji təsir imkanlarını genişləndirən konkret platforma yaratdı.
Politoloq Azər Qarayev həmçinin bildirib ki, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası ölkəmizin regional və qlobal diplomatik rolunu sistemli və institusional çərçivədə gücləndirən unikal sənəddir.
“Bu Xartiya yalnız ikitərəfli münasibətləri normativ və hüquqi baza ilə təmin etmir, eyni zamanda enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, rəqəmsal infrastruktur və regional stabillik kimi strateji sahələrdə Azərbaycanın öncül rolunu beynəlxalq səviyyədə təsdiqləyir.
Strateji Tərəfdaşlıq Xartiyası, süni intellekt və rəqəmsal infrastruktur sahələrində Azərbaycan və ABŞ arasında əməkdaşlığı sistemli şəkildə təşviq edərək, ölkəmizi gələcək texnoloji və innovasiya liderliyi üçün strateji platformaya çevirir. Xartiya çərçivəsində rəqəmsal infrastrukturun inkişafı, AI tətbiqlərinin tədqiqi, inkişafı və kommersiyalaşdırılması, eləcə də kibertəhlükəsizlik sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi qarşılıqlı öhdəlik kimi müəyyən edilmişdir. Bu, yalnız texnoloji tərəqqinin sürətləndirilməsinə xidmət etmir, həm də Azərbaycan Respublikasının qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını gücləndirir, strateji layihələrdə özəl sektorun aktiv iştirakını təmin edir və beynəlxalq standartlara uyğun innovasiya sisteminin yaradılmasına imkan verir.
Politoloqun fikrincə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığını yalnız texniki və operativ səviyyədə deyil, institusional və strateji çərçivədə də möhkəmləndirir.
“Xartiya çərçivəsində müdafiə sənayesi məhsullarının tədarükü, terrorizm və digər qlobal təhlükələrə qarşı birgə mübarizə, həmçinin kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması sahəsində əməkdaşlıq konkret öhdəlik kimi müəyyən edilib. Bu müddəalar, Azərbaycanın regional təhlükəsizlik sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu möhkəmləndirməklə yanaşı, beynəlxalq səviyyədə müdafiə və sülhməramlı təşəbbüslərdə aktiv iştirak imkanlarını genişləndirir. Xartiya, həmçinin humanitar minatəmizləmə və təhlükəsizlik sahəsində texnoloji dəstək vasitəsilə Azərbaycan Respublikasının həm milli, həm də regional sabitliyə verdiyi töhfəni sistemli şəkildə təsdiqləyir”.
Xartiyanın regional bağlantılar, Orta Dəhliz layihələri ilə bağlı məqamlarının əhəmiyyətini də qabardan politoloq bildirib ki, sənədin bu özəllikləri sayəsində Azərbaycanın qlobal nəqliyyat və ticarət şəbəkələrində strateji mövqeyi güclənir.
“Bu təşəbbüslər yalnız multimodal logistikanın və enerji-tranzit infrastrukturunun inkişafına xidmət etmir, həm də Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqələri təmin edir, regionun beynəlxalq ticarət potensialını artırır. Eyni zamanda, Xartiya iqtisadi sərmayələr və biznes mühitinin genişləndirilməsinə xüsusi diqqət yetirərək, dövlət və özəl sektorları birgə fəaliyyətə səfərbər edir, innovasiya və rəqəmsal infrastruktur sahələrinə sərmayələri təşviq edir, Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir və strateji iqtisadi təsir imkanlarını artırır.
Beləliklə, səfər və xartiyanın imzalanması Azərbaycanın yalnız mövcud diplomatik potensialını təsdiqləmir, həm də gələcəkdə strateji təşəbbüslərini daha əlçatan, təsirli və beynəlxalq səviyyədə dəyərli edir”, - Azər Qarayev vurğulayıb.
