"Azərbaycanla Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur, lakin bizim iqtisadi əlaqələrin inkişafı, xüsusilə, hər iki ölkə arasında mal dövriyyəsinin həcminin artırılması üçün böyük imkanlarımız var". Bu barədə Trend ə Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Kşiştof Krayevski bildirib.
Onun sözlərinə görə, illik mal dövriyyəsi 40 mln dollardan çox deyil. "Azərbaycandan neft və neft məhsullarının alınması və bu ölkəyə yeyinti və sənaye mallarının tədarük olunması üçün müəyyən imkanlar var", - deyə səfir qeyd edib.
Diplomatın fikrincə, Polşada gözlənilən siyasi dəyişikliklər, xüsusilə, prezident və parlament seçkilərindən sonra Azərbaycanla ikitərəfli əlaqələrin yeni inkişaf mərhələsi başlayacaq. "Hər iki ölkənin prezidentləri arasında isti münasibətlər mövcuddur, digər dövlət strukturlarının rəhbərləri səviyyəsində də belə münasibətlərin yaradılması vacibdir", - deyə səfir vurğulayıb. O, bu sahədə səy göstərmək niyyətindədir. Səfir yaxın vaxtlarda xarici işlər nazirləri arasında məsləhətləşmələrin aparılmasını zəruri hesab edir.
Xatırladaq ki, səfir Azərbaycana avqustun 15-də gəlib və artıq etimadnamələrini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Yaxın günlərdə o, prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. K.Krayevski Polşanın Azərbaycandakı ikinci səfiridir.